Coğrafiya İnstitutu: Azərbaycanda 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb

3 İyun 2016 18:00 (UTC+04:00)

Əldə olunmuş yeni elmi materiallar emal edilərək ölkə ərazisində mövcud olan sel, sürüşmə, morfotektonik, morfometrik gərginliklər müəyyən edilib.


Azərbaycan Milli elmlər Akademiyasından Movqe.az-a verilən məlumata görə, Coğrafiya İnstitutunun direktor müavini, AMEA-nın müxbir üzvü Elbrus Əlizadə Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin iclasında çıxış edərkən deyib.


Onun sözlərinə görə, məlum olub ki, təbii dağıdıcı hadisə və proseslərin başvermə tezlikləri artıb, onların əhatə etdikləri ərazilər genişlənib və 10 minlərlə əhalinin yaşadığı 300-dən artıq yaşayış məntəqəsi təhlükəyə məruz qalıb.


Məruzəçi ilk dəfə olaraq iri və orta miqyaslı "Azərbaycan Respublikasının müasir landşaftı" və "Azərbaycan Respublikasının geomorfoloji" xəritələrinin hazırlandığını da diqqətə çatdırıb.


Bakı ərazisində sürüşmə prosesinin inkişaf dinamikasının tədqiq edildiyini deyən alim paytaxtın perspektiv inkişaf planı nəzərə alınmaqla sürüşmə-uçqunların potensial yayılma areallarının aşkarlandığını diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda mövcud sürüşmələr ilk dəfə proqnozlaşdırılan sahələrin cəmi 10-20 faizini əhatə edir.


Elbrus Əlizadə bildirib ki, alınan kompleks məlumatlar emal edilərək ölkə ərazisindəki geokomplekslərdə müxtəlif məzmunlu və istiqamətli landşaft-ekoloji qiymətləndirilmələr aparılıb. Baş verən qlobal və regional dəyişikliklər nəzərə alınmaqla gələcəkdə tətbiqi xarakterli antropogen-geomorfoloji, geomorfoloji risk, landşaft-ekoloji, tibbi-landşaft və landşaft-geokimyəvi istiqamətli tədqiqatların genişləndirilməsinin məqsədəuyğun olduğu əsaslandırılıb.


Alim bildirib ki, müasir qlobal iqlim dəyişiklikləri və Yer kürəsində təbii geosistemlərə olan təbii-antropogen təzyiqlər durmadan artır. Bu isə öz növbəsində ekocoğrafi mühitdə əvvəllər müşahidə olunmayan ekodinamiki gərginliklər yaradır. Elbrus Əlizadə ortaya çıxan təhlükələrin qiymətləndirilməsi, baş verə biləcək risklərin proqnozlaşdırılması məqsədi ilə ətraf mühitin müasir dinamiki vəziyyətini tədqiq etməyin, inkişaf trendlərini müəyyənləşdirməyin vacibliyini vurğulayıb. Direktor müavini Coğrafiya İnstitutunda bu istiqamətdə aparılan tədqiqatlardan danışıb: "İnstitutda qlobal iqlim dəyişiklikləri fonunda ölkə ərazisində gərgin təbii antropogen şəraitdə formalaşan landşaft-geomorfoloji geosistemlərinin müasir vəziyyəti, yeni metod və üsullardan - aero və kosmik şəkillərin rəqəmsəl deşifrlənməsi, onların ARCGİS mühitdə təhlili, morfometrik, statistik və s. - istifadə etməklə tədqiq edilib".