Dünya Azərbaycanlılarının IV Qurultayında lobbi quruculuğu müzakirə olunur

4 İyun 2016 13:15 (UTC+04:00)

İyunun 4-də Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayı çərçivəsində "Lobbi quruculuğu: dəyişən geosiyasi reallıqlar yeni qlobal iqtisadi tendensiyalar kontekstində" mövzusunda panel iclası keçirilib.


Movqe.az-ın məlumatına görə, Amerika Azərbaycanlıları Şəbəkəsinin icraçı direktoru Adil Bağırovun moderatorluğu ilə keçirilən iclasda müxtəlif ölkələrin siyasi elitaları, KİV ilə əlaqələrin vəziyyəti və Azərbaycanın tərəfdaş və qeyri-tərəfdaş ölkələrdə lobbiçilik fəaliyyətini səciyyələndirən xüsusiyyətlərdən bəhs edilib.


Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer-İsmayılova bildirib ki, son beş ildə dünyada geosiyasi dəyişikliklər baş verib. Dünyada son illərin iqtisadi böhranına baxmayaraq, Azərbaycan öz inkişaf yolunu davam etdirib.


S.Patzer-İsmayılova qeyd edib ki, lobbiçilik fəaliyyəti ən yüksək dairələrdə həyata keçirilməlidir. O qeyd edib ki, lobbiçilik fəaliyyəti Azərbaycan reallıqları üçün də zəruridir: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə köməklik göstərmək bizim qarşımızda duran ən ümdə vəzifə olmalıdır".


İclasda çıxış edən Benilüks Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov qeyd edib ki, avropalılar heç vaxt digər xalqların nümayəndələrini özləri ilə bir səviyyədə görmək istəmirlər: "Lakin biz bu ölkələrin siyasi həyatında fəal rol oynamaqla, inam qazanmaqla əlaqələrimizi genişləndirmişik. Diaspor diplomatiyasının gücləndirilməsi günümüzdə çox zəruridir. Çünki bir ölkənin vergiödəyicisi olan azərbaycanlı peşəkar diplomatların edə bilməyəcəyini edə bilər".


"Azİz" Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyasının təsisçisi və prezidenti İosif Şaqal bildirib ki, lobbiçilik fəaliyyətində siyasi dairələrlə əlaqələrin qurulması da vacib olmalıdır. Onun fikrincə, hər hansı tədbiri keçirməklə yanaşı, Azərbaycan tarixi haqqında digər ölkə vətəndaşları, ən yüksək dairələri məlumatlandırmaq lazımdır: "Xaricdə yaşayan azərbaycanlılar, ilk növbədə, öz övladlarını Azərbaycanla bağlı məlumatlandırmalıdır".


Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva isə deyib ki, lobbiçilik fəaliyyətində əlaqələndirmə çox güclü olmalıdır: "Birgə fəaliyyət olmadan nəyəsə nail olmaq çox çətindir. Başqa ölkədə doğulub boya başa çatan bir uşağın Azərbaycan haqqında çox az məlumatlı olması bu gün qarşılaşdığımız vacib problemlərdəndir. Çünki Azərbaycanın himnini, tarixini bilməyən bir uşaqdan gələcəkdə hər hansı lobbiçilik fəaliyyəti gözləmək çox çətindir. Xaricdə yaşayan hər bir azərbaycanlı yaşadıqları ölkənin siyasi, ictimai həyatında da fəal rol oynamağa çalışmalıdırlar".


Amerika Azərbaycan Şurasının sədri Ceyhun Mollazadə bildirib ki, bu gün Amerika Birləşmiş Ştatlarında lobbiçilik fəaliyyəti ölkədə müəyyən qanunlar çərçivəsində həyata keçirilir: "Lobbiçilik fəaliyyətinin təşkili zamanı müasir texnologiyaların imkanlarından da istifadə olunmalıdır. Belə ki, müəyyən portallar yaratmaqla, eyni zamanda sosial şəbəkələrin imkanlarından istifadə etməklə ölkəmiz haqqında informasiyaların yayılmasına nail ola bilərik".


Ukrayna-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov qurultayın keçirilməsinin önəmini qeyd edib. O, Ukrayniyada yaşayan azərbaycanlıların artıq lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu deyib. M.Ömərov bildirib ki, siyasətçilərlə, KİV ilə əlaqələr qurulub: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı siyasi dairələrin düzgün məlumatlandırılması işi aparılır. Artıq bu gün dünyada dürüst azərbaycanlı imici formalaşdırılıb. Digər ölkələrin siyasətçiləri, alimləri, sadə vətəndaşları bizim reallıqları qəbul edirlər və bizə inanırlar".