Bu gün Ramazanın ilk niyyət axşamıdır

6 İyun 2016 10:46 (UTC+04:00)

Bu gün müqəddəs ramazan ayının başlaması münasibətilə ölkə ərazisində oruc tutanlar üçün niyyət axşamıdır. Niyyət axşamı oruc tutan şəxsin edəcəyi əməli özü üçün müəyyənləşdirməsi deməkdir. Niyyət edən müsəlmanlar bir ay boyunca oruc tutacaqlarını, 11 ayın sultanı Ramazanı ibadətlə geçirəcəklərini Allah qarşısında dilə gətirirlər. Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi AMEA Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini müəyyənləşdirən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. İyunun 7-də başlayacaq Ramazan ayı İslam dinində böyük önəmə malikdir. Bu ay islam dininin müqəddəs kitabı - Qurani-Kərimin nazil olduğu, dilənən diləklərin, edilən duaların qəbul olunduğu aydır. Ramazan günahların bağışlandığı, duaların qəbul edildiyi  müqəddəs günlərin ayıdır. Fəzilətinə, xeyirinə görə İslam peyğəmbərinin 11 ayın sultanı adlandırdığı Ramazanı faydalı keçirmək vacibdir.  Qafqaz Müsəlmanları İdarəsi bölgə qazıları, səlahiyyətli nümayəndələr, imam və axundlardan, dindarlardan, digər mənbələrdən daxil olmuş, məzhəb və vaxt ayrıseçkiliyinə səbəb ola biləcək təqvimlərdən istifadə etməməyi tələb edib.