Boşanmış gəlinlərin qatilləri...- Birtərəfli boşanmalar niyə ölümlə nəticələnir?-Araşdırma

6 İyun 2016 11:00 (UTC+04:00)

Azərbaycanda ailə-məişət zəmnində törədilən cinayətlər, qətl hadisələri arasında keçmiş həyat yoldaşı tərəfindən öldürülən qadınların sayı günü-gündən artır. Belə hadisələrdən ən tükürpədicisi Kürdəmirdə qeydə alınmışdı. Kürdəmirin Sığırlı kənd sakini, üç ay əvvəl boşandığı keçmiş həyat yoldaşının başını, bir yaşlı körpə qızının gözü önündə kəsmişdi. Gədəbəyin Slavyanka kənd sakini Elçin Qasımov isə bir il əvvəl rəsmi şəkildə ayrıldığı Fəxriyyə Aslanovanın başını kəsdiyi üçün həbs olunmuşdu. Ağsuda isə bunabənzər qətl hadisəsinin qurbanı ərindən üç il öncə boşanan məktəb direktoru olmuşdu. Aliment ala bilmədiyi üçün keçmiş ərini polisə verən Elnurə Eyyubova, bu səbəbdən 20 gün həbs yatan Kavus Huseynov tərəfindən istintaq təcridxanasından çıxan günü qətlə yetirilmişdi. Bu cür cinayət hadisələri ilə bağlı siyahını uzatmaq da olar. Baş verən hadisələr göstərir ki, bəzən ailələr dağılsa da, qadınlar məişət zorakılığının qurbanı olaraq qalır. Bəs görəsən rəsmi və qeyri rəsmi formada münasibətlərə xitam verən eks cütlüklər arasında bu cür hadisələrin yaranma səbəbi, münaqişələrin böyüyərək qətllə nəticələnməsinin səbəbləri nədir?  


Psixoloq Elnur Rüstəmov Movqe.az-a açıqlamasında deyib ki, boşanma prosesi hüquqi müstəvidə həll edilsə də, bu cür hadisələr qeydə alınır: "Bu cür hallar əsasən birtərəfli boşanmalarda qeydə alınır. Tərəflər rəsmi olaraq münasibətlərə son qoysalar da, bu heç də onlar arasında hər şeyin bitdiyi anlamına gəlmir. Deməli, tərəflər arasında emosional qırılma baş vermir. Ola bilər ki, bu birtərəfli olsun. Yəni, kişi həyat yoldaşından rəsmi boşansa da, onu unuda bilmir. Ola bilər ki, qadında bu hisslər əks tərəfə qarşı olmasın. Bu zaman onlar kağız üzərində ailə sayılmasalar belə, qısqanclıq hissləri münaqişələrin yaranmasına, bu cür arzuolunmaz nəticələrə gətirib çıxardır. Bu o deməkdir ki, kişi rəsmi ayrılsa belə, vaxtı ilə ona məxsus olan qadını paylaşmağı qəbul edə bilmir. Bəzi kişilər elə hesab edir ki, ayrılsa, qadın öz evində, kişi də öz evində oturaraq başqası ilə münasibət qurmayacaq. Yəni, bu düşüncə ilə ayrılır. Birdən boşadığı qadının yanında əks cinsin nümayəndəsini görəndə bunu qəbul edə, keçmiş həyat yoldaşının başqası ilə münasibət qurmasına barışa bilmir. Ona görə də, düşünürəm ki, bu cür olayların baş verməməsi üçün mütləq boşanma prosesində hər iki tərəf psixoloji dəstək almalıdır. Bəzən tərəflər biri-birinə boşandıqdan sonra uşaqlar vasitəsilə təsir göstərir. Bu cür hallar da boşanan tərəflər arasında münaqişələrə səbəb olur".

Həmsöhbətimiz deyir ki, boşanan tərəflərin biri-biri ilə münaqişə etməsinə, qətl hadisələrinə, Türkiyədə, az-az hallarda isə digər Avropa ölkələrində də rast gəlinir: "Ola bilər ki,bu cür hal, yəni, qadının boşandıqdan sonra başqası ilə ailə qurması, yaxudda ailəli olsa belə, başqasını sevdiyi üçün birinci nikahına xitam verməsi hansısa Avropa ölkəsi üçün norma sayılsın. Cəmiyyət də buna haqq qazandırsın. Bizdə isə adət-ənənə, ailə institutu, mentalitet bu cür halları normal qəbul etmir. Mən də heç istəmirəm ki, bu bizə normal qəbul olunsun. Çünki, bizim öz ailə dəyərlərimiz var. Ona görə də, rəsmən boşanma olsa da, tərəflərdən birinin digərinə emosional bağlılığı varsa, bu cür qətl hadisələri baş verir".

Psixoloq deyir ki, bu cür faktlar göstərir ki, rəsmi boşanmaya rəğmən, tərəflərdən birinin digərindən emosional qırılması baş verməyib: "Bu da o deməkdir ki, rəsmi boşanma olsa da, bir tərəf digərinə qarşı biganə deyil. Əgər boşanan tərəflərdən birində qarşı tərəfə biganə münasibət olarsa heç bir halda boşandıqdan sonra keçmiş-ər və arvad arasında bu cür səviyyədə münaqişə, qətllə nəticələnən hadisələr baş verməz. Bu onu göstərir ki, tərəflərdən biri, digərini paylaşmaq istəmir". 

E. Rüstəmov ona görə də, boşanan tərəflər arasında yaranan münaqişələrin vaxtında qarşısının alınmalı olduğunu, onlara psixoloji dəstək göstərilməli olduğunu bildirir. 


"Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bu cür cinayətlərin əksər hallarda namusla bağlanıldığını deyir: "Hadisəni törədənlər çox vaxt bunu namus məsələsi ilə bağlayıb özlərinə haqq qazandırırlar. Çox təəssüf ki, Azərbaycanda kişilər boşadıqları keçmiş həyat yoldaşlarına ayrıldıqdan sonra da nəzarət etmək, həmin qadınların onların sözü ilə oturub-durmasını tələb edirlər. Amma tələblərində haqsız olduqlarını özləri də anlayırlar. Əgər qadın rəsmi boşanıbsa, bu onun azad olması anlamına gəlir. Kişilər isə boşadıqları həyat yoldaşlarının bu hüquqlarını tanımaq istəmirlər. Özləri boşandıqdan sonra evləndikdə bunu cəmiyyətin, boşadıqları arvadın normal qəbul etməsini tələb edir, keçmiş həyat yoldaşları ailə qurduqda, kiminləsə vətəndaş nikahında yaşadıqda bunun anormal, qəbuledilməz olduğunu düşünürlər. Bu düşüncə ilə yaşadıqlarından, həyat yoldaşları sərbəst addım atıb, şəxsi həyatı ilə bağlı müstəqil qərar verəndə bunu qəbul etməyərək balta-bıçağa əl atırlar".

M. Zeynalova deyir ki, bu cür kişiləri heç, köhnə streotiplərlə yaşayan kişi də hesab etmək olmaz: "Köhnə streotipə görə, qadın boşandıqdan sonra keçmiş əri onun uşağını böyüyənədək saxlamalıdır. Aliment verməli, uşağın geyimini, məktəb xərcini ödəməlidir. Bu zaman qadın da evdə oturub, saçının birini ağ, birini qara hörüb uşağına baxıb taleyi ilə razılaşırdı. Amma indiki kişilər nə aliment verir, nə uşağa bir ayaqqabı alır, nə də ayda bir dəfə bir zənbul bazarlıq edib uşağını görməyə gedir. Amma boşadığı qadının da işləməsinə, başqa kişi ilə münasibətdə olaraq ona maddi dəstək göstərməsini qəbul etmirlər. Bəs onda boşanmış qadın uşağını necə saxlasın? İşləməsə necə dolandırsın, həm özünü, həm də uşağını?. Çox təəssüf ki, bu suallar arvadını boşayaraq rəsmən ayrıldıqdan sonra da keçmiş həyat yoldaşı üzərində hökmranlıq edən kişilərə sərf etmir. Onlar boşadıqları qadının şəxsi həyatını yaşamaq hüququnu tanımaq istəmirlər. Düşünmürlər ki, ayrıldıqdan sonra onlar həmin qadının şəxsi həyatını yaşamasına əngəl ola bilməzlər. Bu da sonucda qadınların boşandıqdan sonra da, zorakılığa məruz qalmasına, öldürülməsinə gətirib çıxardır".

M. Zeynalova deyir ki, bəzən ata-qardaş da, qadının boşanmasına əngəl olur: "Biz boşanmağı təbliğ etmirik. Amma, qadın zorakılığa məruz qalırsa, ata-qardaşın namus söhbətini əsas gətirib gündə döyülüb atası evinə qaçan qızı geri qaytarması, boşandıqdan sonra başını kəsməsi düzgün deyil. Çox təəssüf ki, belə hallar da var".

Hüquqşunas Müzəffər Baxışov isə deyir ki, yalnız ailə çərçivəsində yaşadıqları halda, tərəflərin biri-birinin davranışlarına nəzarət etmək hüququnun olduğunu söyləyir. Hüquqşunas deyir ki, əgər bu nikahdan uşaq dünyaya gəlibsə, atanın ixtiyarı var ki, qadın boşandıqdan sonra onun uşaqla birgə yaşayışına nəzarət etsin: "Ola bilər ki, qadın bu sərbəstlikdən istifadə edib uşaqla birgə yaşadığı evə yad kişilər gətirsin. Təbii ki, belə halda ata,bu halın uşağın tərbiyəsinə mənfi təsir göstərdiyini əsas gətirərək ananın davranışlarına diqqət etməsi barədə ona xəbərdarlıq edə, bu barədə onunla söhbət edə bilər. Tutaq ki, bu nikahdan bir və bir neçə qız uşağı dünyaya gəlib. Boşandıqdan sonra uşaqlar qadında qalıb. Həmin qadın isə uşaqların gözü qarşısında evdə başqa kişilərlə münasibətdə olur, evə yad adamlar gətirir. Bu zaman atanın qanunla tam haqqı var ki, bu barədə dəlil-sübut toplayaraq hüquq-mühafizə orqanlarına müraciət etsin. Əgər ananın uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkəti dəlil-sübutla isbatlanarsa, uşaq anadan alınaraq ataya verilə bilər. Amma buna görə, kişinin ondan boşanmış arvadının başını kəsməsi, ona küt alətlə xəsarət yetirməsi yolverilməzdir. Qadın boşandıqdan sonra onun hərəkət və davranışları uşaqların tərbiyəsinə mənfi təsir etdiyi halda kişi məsələyə müdaxilə edərək, hüquq mühafizə orqanlarına bu barədə şikayət edə bilər. Bu nikahdan uşaq yoxdursa, kişinin boşadığı həyat yoldaşının şəxsi həyatına müdaxilə etməsi qanunla qadağandır" .