Bəzi çaylarda suyun səviyyəsi artıb

6 İyun 2016 13:22 (UTC+04:00)

Ötən günlər ərzində yağan yağışlar nəticəsində respublikanın bəzi çaylarında sululuğun bir qədər artımı müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Movqe.az-a verilən məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 40-50, Kiçik Qafqazın çaylarında 70-120, Lənkəran-Astara bölgəsi çaylarında isə 20-50 faizini təşkil edir.

 

İyunun 6-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 280 m3/s olmaqla ongünlük normanın 47 faizini təşkil edir. 2015-ci ildə isə bu rəqəm 320 m3/s olmaqla ongünlük normanın 53 faizini təşkil edib.

 

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 151 m3/s olmaqla, ongünlük normanın 77 faizini təşkil edir. 2015-ci ildə isə bu göstərici 139 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

 

İyunun 6-da Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 8, Salyanda 4, Bankədə və Araz çayının Novruzlu məntəqəsində isə 5 sm artım qeydə alınıb.

 

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 355 sm (2015-ci il iyunun 06-da 356 sm), Salyanda 130 sm (2015-ci il iyunun 06-da 140 sm), Bankədə 182 sm (2015-ci il iyunun 06-da 185 sm), Araz çayının Novruzlu məntəqəsində isə 85 sm (2015-ci il iyunun 06-da 100 sm) təşkil edir.