Azərbaycan aqrar məhsulların əsas ixracatçılarından birinə çevriləcək

7 İyun 2016 08:00 (UTC+04:00)

Azərbaycanın vahid torpaq fondunun təxminən 4 milyon 600 min hektarı kənd təsərrüfatı üçün yararlı torpaq sahələridir. "Meliorasiya və Su təsərrüfatı" ASC-nin rəhbəri Əhməd Əhmədzadə bildirib ki, bu torpaqlardan 430 min hektarı suvarılır: "Qalan hissənin suvarılması isə həyata keçirilmir. Suvarılmayan hissələrdə su ehtiyatı Azərbaycanda suvarılan torpaq sahəsinin həcmini 1 milyon 800 min hektara çatdırmağa imkan verir. Bu istiqamətdə layihələr icra edilir, amma bunun üçün müəyyən vaxt və sərmayə lazımdır".

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcov tam əminliklə qeyd etdi ki, əlavə ərazilərin suvarılaraq dövriyyəyə daxil edilməsi ilə Azərbaycan kənd təsərrüfatı sahəsində ciddi ixracatçı bir ölkəyə çevriləcək: "Azərbaycanda 1 milyon 300 min hektar sahədə suvarma işləri aparılırdı. Yəni, suvarılan torpaqlar 1,3 milyon hektara qədər idi. İndi isə suvarılan torpaqların həcmi 1 milyon 400 min hektara yaxındır. İki böyük su dəryaçası istifadəyə verilib. Bunlar Taxta Körpü və Şəmkir su dəryaçasıdır. Hazırda Xızı və Siyəzən

rayonlarında yenə sahələrdə suvarma işləri aparılır və əkinlərə daxil olur. Belə çıxır ki, yaxın gələcəkdə respublikada təxminin 1 milyon 800 min hektar ərazidə suvarma işləri həyata keçiriləcək. Bu, böyük bir potensial, kənd təsərrüfatı məhsulu istehsalını artırmaq üçün böyük bir imkandır. Bu suvarılan torpaqlar dövriyyəyə daxil edilsə və suvarma işləri normal qaydada aparılsa, sudan qənaətlə istifadə edilsə, təxminən indiki istehsaldan 20-30 faiz artıq məhsul istehsal etmək mümkün olacaq. Kənd təsərrüfatı məhsullarının istehsalı artdıqca, ölkəmiz həmin məhsulun bir hissəsini əlbəttə ki, xarici ölkələrə ixrac etmək imkanı əldə edəcək. Kənd təsərrüfatı məhsullarının ixracatında da yenə birinci yeri tərəvəzçilik və meyvəçilik tutacaq. Çünki ölkəmizdə faraş tərəvəz var ki, onu da xarici ölkələrə ixrac etmək münkün olacaq.

Həmin prosesin baş verməsilə respublikanın gəlirləri qat-qat artacaq. Sovet dönəmində, 1985-1987-ci illərdə Azərbaycandan Rusiyanın digər respublikalarına 500 min tona qədər tərəvəz aparılırdı. Ona görə də Azərbaycan " ümumittifaq bostanı"

adlanırdı. İndi həmin 500 min tona qədər məhsulu digər xarici ölkələrə də ixrac edə bilərik. Çünki ölkəmizdə suvarılan torpaqlar var. Yeni suvarılan torpaqlar əkin dövriyyəsinə daxil ediləcək, hektar və onun məhsuldarlığı da artacaq. Bu, eyni zamanda ekstensiv inkişafla yanaşı, həm də intensiv inkişaf olacaq. Yəni məhsuldarlıq artacaq. Bununla belə bizi bir məsələ narahat etməlidir. Sahibkarlar, istehsalçı və kənd yerlərində yaşayan adamları xarici ölkələrə ixrac ediləcək məhsul istehsalına hazırlamaq lazımdır. İndiki primitiv şəraitdə olduğu kimi məhsul istehsal olunacaqsa, onu xarici ölkələr qəbul etməyəcək.

Xarici ölkələrə sağlam, ekoloji təmiz, eyni zamanda standartlara uyğun məhsul göndərilməlidir. O məhsulda yara, xora, zədələnmə kimi hallar olmamalıdır. Lakin bugünkü kəndli, sahibkar ona tam olaraq hazır deyil. Düzdür, istixana şəraitində məhsul yetişdirənlər bunu dərk edir, amma açıq havada məhsul yetişdirən kəndli standart məhsulun nə olduğunu bilmir, ziyanverici və zərərvericilərə qarşı mübarizə tədbirləri aparmır. Xarici ölkəyə göndərilən məhsul həmçinin bir növdən ibarət olmalıdır. Ona görə də kəndlini bunlara hazırlamaq gərəkdir. Birmənalı şəkildə bildirirəm ki, suvarılan torpaqların sahəsinin artırılması tezliklə Azərbaycanı güclü ixracatçı ölkəyə çevirəcək".

İqtisadçı-ekspert Cümşüd Nuriyev də bildirdi ki, suvarılan torpaq sahələrinin artırılması isə Azərbaycan aqrar sahədə güclü ixracatçı dövlətə çevriləcək: "Əminəm ki, suvarılan torpaq sahələrinin artımı ilə Azərbaycan aqrar sahədə güclü ixracatçı ölkəyə çevriləcək. Bunun üçün də biznes sektorunu daha da inkişaf etdirməliyik. İkinci bir tərəfdən, Azərbaycan tarixən aqrar ölkədir. Bu mənada indi Azərbaycanı aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevirmək imkanı var.

30 il öncə Azərbaycanın büdcəsinin 40-42 faizi ancaq kənd təsərrüfatından gələn gəlirlər hesabına formalaşırdı. Hazırda isə kənd təsərrüfatından gələn gəlir cəmi 7-8 faiz civarındadır. Bundan başqa, Azərbaycanda dəmyə şəraitində məhsuldarlıq aşağıdır. Sərmayəni başqa sahələrə qoyana qədər bu sahəyə qoymaq lazımdır. Avropanın inkişaf etmiş ölkələri əvvəlcə aqrar sahəni inkişaf etdiriblər. Bu Istiqamətdə İtaliya, Hollandiya, Avstriya, İsveçrə, Fransa nümunələri var. Onlar inkişaf etmiş ölkə olmaqla yanaşı, həm də aqrar-sənaye ölkəsidir. Azərbaycanın da bu mənada özünün kənd təsərrüfatı sahəsində ixrac potensialını ciddi şəkildə artırmağa böyük imkanları var. Bu istiqamətdə mütəxəssislər də var. Amma dövlət bu istiqamətdə proqram hazırlamalıdır. Çünki kiçik torpaq payları ilə ixrac potensialımızı artırmaq mümkünsüzdür. Düzdür, dövlət iri müəssisələr yaratmağa çalışır, amma indiki şəkildə onu həyata keçirmək çətin olacaq. İri müəssisələrin sayı artırılmalıdır, məsələyə pilot layihə şəklində deyil, hər bir kənddə prosesi həyata keçirmək lazımdır. Başqa bir tərəfdən, sərmayə qoyulmasa, torpaqlar şoranlaşmaqda davam edəcək. Keyfiyyət qrupuna görə birinci qrup torpaqlar çox azdır. Nəzərə alsaq ki, Azərbaycanın daha keyfiyyətli torpaqları erməni işğalı altındadır və hər il bunun nəticəsində milyonlarla dollar gəlir itiririk, onu kompensasiya etmək üçün də iri təsərrüfatların yaradılması yolu ilə məhsul istehsalını artırıb ixrac potensialımızı da əhəmiyyətli dərəcədə yüksəldə bilərik".