Qarabağ münaqişəsinin həllində vacib mərhələyə start verilir

7 İyun 2016 09:15 (UTC+04:00)

Ötən həftə ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə Parisdə ayrı-ayrılıqda görüş keçirdikdən sonra elan etdilər ki, hər iki tərəf prezidentlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair hərtərəfli danışıqlara başlamaq üçün iyun ayında görüşmək niyyətlərini təsdiqləyib. Prezidentlərin iyun ayında yenidən görüşməsinə dair razılaşma mayın 16-da Vyanada həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə keçirilmiş, 4 günlük müharibədən sonra tərəflərin ilk dəfə masa arxasına keçdikləri 3+2 formatında görüşdə əldə edilmişdi.

Prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın iyun görüşünün yeri və formatı hələ məlum deyil. Bununla belə güclü ehtimallar var ki, görüş Parisdə baş tutacaq. Həmsədrlərin birgə bəyanatla çıxış etməsi ərəfəsində Rusiya və Fransa xarici işlər nazirləri arasında telefon danışığı olub, tərəflər Qarabağ münaqişəsi ətrafındakı situasiyanı müzakirə ediblər. Beləliklə, tərəflər uzun fasilədən və 4 günlük döyüşlərdən sonra həmsdrlərin ifadə etdikləri kimi substansiv danışıqlara, yəni münaqişənin mahiyyəti üzrə müzakirələrə hazırdır.

İddialar da səslənir ki, danışıqlar masası üzərinə 2005-ci ildən bəri müzakirə olunan sənəd qoyulacaq ki, burada da Dağlıq Qarabağin yekun statusunun daha sonra keçiriləcək referendumda müəyyən edilməsi prinsipi əksini tapıb. Bu mənada gözləmək olarmı ki, iyun görüşü münaqişənin həllində həlledici mərhələnin başlanmasına təkan versin?

Politoloq Natiq Mirinin fikrincə, iyun görüşündə hansısa sənədin imzalanması istiqamətində konkret nəticənin hasil olunacağını gözləmək hələ tezdir: "Vyanada həmsədrlərin təklif etdiyi atəşkəsin möhkəmləndirilməsi və araşdırma mexanizmlərinin tətbiq olunması məsələsinin işə salınması yönündə ciddi danışıqlar olacaq və bu məsələ fikrimcə, öz həllini tapacaq. Çünki ATƏT-in xüsusi nümayəndəsinin səlahiyyətlərinin artırılması məsələsi də gündəmdədir. Prosesin hansı çərçivəyə qədər və necə təmin olunması məsələsi həll olunacaq. Birinci məsələ bundan ibarətdir. Ancaq təbii ki, müzakirə predmeti nə olacaqsa, o məsələ də tərəflər arasında razılaşdırılacaq. Ancaq hansısa sənədin imzalanması yönündə konkret nəticələri gözləmək hələ tezdir. Bu yöndə hələlik hər hansı bir irəliləyiş olmayacaq.

Çünki məhz iyun görüşündən sonra əsas danışıqlar mərhələsi predmet üzrə başlayacaq. Statusun müəyyənləşməsi üzrə referendumun keçirilməsi də bu işin içindədir. Fikrimcə, bütün problemin həllinə əngəl ola biləcək yeganə məsələ də məhz referendum məsələsidir. İndiyə kimi referendumun keçirilməsi üzrə 3 təklif səslənib ki, bu təkliflərin heç biri tərəflər arasında razılaşdırılmayıb. Burada Azərbaycan, Ermənistan və Minsk qrupu həmsədrlərinin təklif etdiyi referendum təklifindən danışıram. Bu referendum mahiyyət etibarı ilə Dağlıq Qarabağa müstəqillik ehtiva edirsə, təbii ki, bu Azərbaycan tərəfindən qəbul olunmayacaq.

Düşünürəm ki, prosesi mərhələli plan çərçivəsində həll etməkdən başqa alternativ yoxdur. İrəliyə getmək üçün mütləq mənada proses mərhələ ilə həllini tapmalıdır. Yox, əgər birinci mərhələdə Dağlıq Qarabağ ətrafı rayonların boşaldılması və dərhal status məsələsi ortalığa atılaraq müzakirə olunacaqsa, bunun əvvəlki danışıqlar sistemindən heç bir fərqi olmayacaq və yenə də keçməzlik yaradacaq.

Mrhələli plan çərçivəsində ilk növbədə Qarabağdan kənar rayonların qaytarılması, Ermənistanla Azərbaycan arasında kommunikasiya xətlərinin açılması, münasibətlərin qurulması, qaçqınların öz doğma yurdlarına qayətması kimi proseslər əhatə olunur".

Politoloq Fikrət Sadıxov isə bildirdi ki, proses növbəti mərhələdə danışıqlar üzrə yeni təkliflərin irəli sürülməsilə nəticələnə bilər: "Hər halda ümidlər kəsilməyib, ümid var. Aparıcı dövlətlərin xarici işlər nazirləri öz bəyanatları ilə belə bir ümid verib. Onlar çıxışlarında dedilər ki, Vyanadan sonra olacaq növbəti görüşdə əsas sazişin konturları müzakirə olunacaq. Belə bəyanatların arxasında təbii ki, müəyyən işlər də aparılır, planlar cızılır və hansısa təkliflər irəli sürüləcək. Təbii ki, bu təkliflər də bir gün ərzində müzakirə olunub həll olunmayacaq. Uzun müddət davam edən münaqişəni bir gün ərzində həll etmək mümkün deyil. Lakin hər halda pozitiv tendensiya hiss olunur. Həm Minsk qrupu həmsədrləri, həm Ermənistan başa düşdü ki, Azərbaycan öz torpaqlarını azad etməyə qadirdir və bunu hər an edə bilr.

Zənnimcə, növbəti görüşdə hansısa bir yeni təkliflərin irəli sürülməsinin şahidi olacağıq və bu ətrafda da müzakirələr aparılacaq. Bu hal pozitiv dinamikanın başlanğıcı ola bilər. Bir şərtlə ki, Minsk qrupu həmsədrləri Ermənistanın nazı ilə oturub-durmasınlar".