Bilik Fondu Ali Neft Məktəbində narkomaniya əleyhinə tədbir keçirib (FOTO)

6 İyun 2016 18:15 (UTC+04:00)

26 İyun - Beynəlxalq Narkomaniya və Narkobizneslə mübarizə günüdür. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu bu münasibətlə silsilə tədbirlər həyata keçirir.


Fonddan Movqe.az-a  verilən məlumata görə, bu silsilədən növbəti tədbir Bakı Ali Neft Məktəbində təşkil edilib. Tədbiri BANM-in prorektoru, professor Ramiz Hümbətov açıb, dinləyicilərə belə maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.


Aparıcı məsləhətçi Ramilə Qurbanlı Fondun maarifçilik missiyasından və "Narkomaniyaya yox deyək" layihəsindən söhbət açıb.


Sonra söz Respublika QİÇS-lə Mübarizə Mərkəzinin şöbə müdiri Dilşad Mahmudovaya verilib. Natiqin "Sağlam həyatı seçək, narkomaniyaya yox deyək" mövzusunda mühazirəsi BANM-in professor, müəllim və tələbə heyəti tərəfindən maraqla dinlənib.

Narkomaniya əleyhinə qısa filmin nümayişindən sonra tədbir polemika və müzakirə ilə davam edib.


Bilik Fondunun təşkilatçılığı ilə bu tipli maarifləndirici tədbirlərin digər ali məktəblərdə, eləcə də regionlarda keçirilməsi davam edir.