Professor Fərman İsmayılovun yubileyi qeyd edilib

7 İyun 2016 16:52 (UTC+04:00)

Şəkidə Bakı Dövlət Universitetinin professoru, fəlsəfə elmləri doktoru Fərman İsmayılovun 80 illik yubileyi qeyd edilib."Shaki Palace" otelində keçirilən tədbirdə şəhər rəhbərliyi, millət vəkilləri, Bakı Dövlət Universitetindən gələn nümayəndələr, ziyalılar iştirak edib.Tədbirdə çıxış edənlər tanınmış alim Fərman İsmayılovun həyat yolu və elmi nailiyyətləri barədə geniş məlumat verib, onu yubileyi münasibətilə təbrik ediblər.1936-cı ildə Şəki rayonunda anadan olmuş Fərman İsmayılov zəngin bir həyat yolu keçmişdir. 1962-ci ildə M.F.Axundov adına Dillər İnstitutunun ingilis dili fakültəsini fərqlənmə diplomu ilə bitirdikdən sonra ingilis dili kafedrasında müəllim, baş müəllim işləyib. 1970-1974-ci illərdə M.F.Axundov adına Dillər İnstitutunun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışıb, iki dəfə Nəsimi rayon sovetinə deputat seçilib. 1970-cı ildə "Adi dil və fəlsəfə" mövzusunda namizədlik dissertasiyası müdafiə edib.1974-1976-ci illərdə baş elmi işçi kimi Moskvaya ezam edilib. 1977-1991-ci illərdə BDU-nun fəlsəfə kafedrasında dosent vəzifəsində çalışıb. 1991-2001-ci illərdə BDU-nun Şəki filialının direktoru işləyib. 1996-cı ildə "İdrak nəzəriyyəsi və linqvistik analiz" movzusunda doktorluq dissertasiyası müdafiə edib. 1997-ci ildən professordur. 14 monoqrafiyanın, 30 məqalənin müəllifidir. Müasir Qərb fəlsəfəsinə dair Azərbaycanda ilk elmlər doktorudur. Ölkəmizdə yüksək ixtisaslı kadrların hazırlanmasında onun əməyi böyükdür. Tədbirdə çıxış edən Şəki Şəhər İcra Hakmiyyətinin başçısı Elxan Usubov, millət vəkilləri akademik Nizami Cəfərov, fəlsəfə doktoru Cavanşir Feyzeyev, Bakı Dövlət Universitetinin professorları İsmayıl Əliyev, Hikmət Əlizadə, dosent Hüseyn Məmmədov, Azərbaycan Dövlət Pedaqoji Universiteti Şəki filialının direktoru, riyaziyyat elmləri doktoru Rafiq Rəsulov, filialın baş müəllimi, şair-dramaturq Vaqif Aslan, "Şəki" qəzetinin redaktoru, əməkdar jurnalist Akif Salam və başqaları Prezident İlham Əliyevin ölkədə elmin və təhsilin inkişafına çox böyük diqqət və qayğı göstərdiyindən danışmış, Şəkidə də ziyalıların, elm və sənət adamlarının diqqətdən kənarda qalmadığını bildirmişlər. Sonda yubilyara Azərbaycan elminin inkişafında göstərdiyi xidmətlərinə görə və anadan olmasının 80 illik yubileyi münasibətilə Şəki Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı və hədiyyələr təqdim olunub.