Azərbaycanı xaricə satan müxaliflər

8 İyun 2016 09:15 (UTC+04:00)

Azərbaycanı bir qrup insan müxtəlif adlar altında tərk edib, bəziləri isə qaçıblar. Guya onların fəaliyyətlərinin məhdudlaşdırılması isitqamətində iş aparılıb, təzyiqlər olub. Araşdırmalar göstərir ki, əslində belə adamların çoxu ayrı-ayrı dövlətlərin müxtəlif kəşfiyyat orqanlarına xidmət edirlər. Onların həmin ölkələrə aparılması, maliyyələşdirilməsi müqabilində qarşılarına qoyduqları əsas məqsəd Azərbaycan haqqında düzgün olmayan informasiyaların yayılmasında vasitəçi olmaqdır.

Azərbaycan diasporunun gücləndiyi bir vaxtda əsasən müxalifətdən olan belələri ölkəmizə qarşı iş aparmaqla nədən xəyanətkar mövqe seçirlər? Cəmiyyətdə onlara qarşı hansı addımlar atılmalıdır?

Yurddaş Partiyasının sədri Mais Səfərlinin fikrincə, şəxsi maraqlar bəzi insanları təəssüf ki, dövlətimizə qarşı xəyanətkar mövqe tutmağa sövq edir: "Miqrasiya prosesi yeni yaranan müstəqil dövlətlər üçün xas olan bir məsələdir. Azərbaycanda da miqrasiya prosesi əsasən keçən əsrin 90-cı illərin əvvəllərində vüsət aldı. Onun da başlıca səbəbi Azərbaycanda sovet dövründən qalma iqtisadiyyatın çökməsi, iqtisadi əlaqələrin qırılması, bunun da nəticəsində iş yerlərinin itirilməsilə bağlı idi. İnsanlar bir parça çörək dalınca müxtəlif ölkələrə, xüsusən Türkiyə, Rusiya, hətta Avropaya üz tuturdu. Sonradan ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra ölkədə stabillik yarandı.

Onun da bazasında iqtisadiyyat dirçəlməyə başladı, neft kontraktları imzalandı. Nəticədə Azərbaycan iqtisadiyyatı sıçrayışla inkişaf etdi. Miqrasiya prosesinin qarşısı demək olar ki, alındı. Amma bununla bərabər son zamanlar Azərbaycandan yeni bir miqrasiya axınına start verilib. Onlar da guya Azərbaycanda hüquqlarının pozulması, təzyiqlərə məruz qalması bəhanəsilə xaricə üz tutanlardır. Bir ara bəzi müxalifət partiyaları az qala belə şəxsləri xaricə göndərmək üçün arayış verən JEK-lərə çevrilmişdilər. Həmin insanları müxalif partiyanın üzvü olaraq guya sıxışdırıldaqları üçün xaricə yollayırdılar. Bu adla bir sıra insanlar Avropa ölkələrinə üz tutdu, indi də orada yaşayaraq ara-sıra Azərbaycanı gözdən salan fikirlərlə gündəmə gəlirlər. Amma artıq Avropa dövlətləri də Azərbaycanda nə baş verdiyini gözəl anlayır. Onlar Azərbaycandakı inkişafı, demokratik atmosferi gözəl şəkildə dərk edir və bunun da nəticəsi olaraq son illər Avropada uydurma faktlarla sığınacaq almaq istəyənlərə bu hüququn verilməsi halları sıfıra enib. Yəni, Avropa ölkələri də bu praktikanın yanlış olduğunu, Azərbaycanla normal davranmağın vacibliyini anladılar. Başa düşdülər ki, Azərbaycanda insan haqları yüksək səviyyədə qorunur. Bununla belə yenə də bəzi az miqdarda insanlar xaricə getməyə can atmaqda davam edir və müxtəlif adlar altında gedirlər də. Sonradan bəlli olur ki, belələri Avropa və digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edir, bu orqanları məlumatlandırmaq sahəsində fəaliyyət göstəriblər. Sonradan da işin üstünün açılmaması üçün qaçıb xarici ölkələrə gedirlər. Bu insanlar xarici xüsusi xidmət orqanları qarşısında öhdəlik götürüblər və öz çirkin əməllərilə həmin öhdəliklərə əməl edirlər. Vətəni, onun maraqlarını satmağın müqabilində müəyyən qazanc da əldə edirlər. Belələrinin cəzasını taleyin özü verir. Onlar Vətənə qayıda bilmir. Xaricdə onlar sonradan taleyin ümidinə buraxılır və taleyin acı girdabında məhv olurlar. Normal insan üçün bundan dəhşətli hal ola bilməz. Bu adamlar öz işlərində dayanıqlı, etibarlı, cəmiyyət üçün yararlı insanlar deyillər. Ancaq öz şəxsi maraqları üçün çalışırlar və bu əsasda da bəzi xüsusi xidmət orqanlarının tələsinə düşürlər. Onlar normal vətənpərvər insanlar olsaydılar, bu cür pusquya da düşməzdilər. Həyatın özü onların cəzasını verir".

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov da qeyd etdi ki, adətən şəxsi mənafeyi dövlətçilik maraqlarından üstün tutan insanlar xarici xüsusi xidmət orqanlarına xidmət etmək kimi xəyanətkar mövqeyə meylli olurlar: "Bu gün müxalifəti təmsil edən bəzi üzvlər var ki, planlı şəkildə xarici ölkələrdən sığınacaq almaq həvəsinə düşüblər. Bu fonda onlar həmin istəklərinə nail olmaq üçün də uydurma fikirlər səsləndirirlər ki, guya Vətənlərində sıxışdırılır, təzyiqlərə məruz qalır, fəaliyyətlərinə imkan verilmir. Təcrübə göstərir ki, müxalifətdə təmsil olunan bəzi funksionerlərin özlərinin də bu məsələdə xüsusi rolu var. Çünki kütləvi informasiya vasitələrində dəfələrlə şahidi olmuşuq, bu və ya digər formada xaricə gedib oradan siyasi sığınacaq almaq niyyətində olan ölkə vətəndaşı hökmən siyasi partiyaların birindən arayış təqdim edir ki, guya ona qarşı təzyiqlər var. Yəni müxtəlif adlarla xaricdən sığınacaq almaq prosesi ölkəmizdə bəzi radikal müxalifət partiyalarının iştirakı ilə sanki kommersiya xarakteri alıb.

Xaricdən siyasi sığınacaq almaq istəyən ölkə vətəndaşı əcnəbi ölkədə özünü elə göstərir ki, guya Azərbaycanda siyasi fəaliyyətinə görə ona qarşı təzyiqlər var, ona müxtəlif formada təpkilər göstərilir. Bunun hesabına da həmin ölkələrdə sığınacaq almağa çalışırlar. Belədə də həmin vətəndaşlarımız Azərbaycanı istəməyən dövlət və qüvvələrin təkrar emalına çevrilir və onların sifarişlərini icra etməli olurlar. Bunun qarşılığında da onlara sığınacaq verilir, müxtəlif şərait yaradılır. Nəticədə də bu insanlar xaricdə Azərbaycan əleyhinə təbliğata qoşulurlar. Bu addım Azərbaycan dövlətinə qarşı xəyanətkar mövqedən çıxış etməkdir və yolverilməzdir. Onu edənlər Vətənini, millətini sevməyən, öz şəxsi maraqları naminə dövlətini satmağa hər an hazır olan xəyanətkarlardır. Vətənini, millətini sevməyən insanlardan belə xəyanətkarlığı hər zaman gözləmək olar. Belə tendensiyaların qarşısı alınmalıdır. Bu istiqamətdə cəmiyyət də fəal olmalı, belə xəyanətkarlar ən azından daima ictimai qınağa tuş gəlməlidirlər".