Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyevin tapşırığına əsasən, müdafiə naziri
general-polkovnik Zakir
Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada
olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən
Movqe.az-a verilən məlumata görə, hərbi qulluqçuların
döyüş, eləcə də atəş və taktiki hazırlıqlarının yüksəldilməsi
məqsədilə nəzərdə tutulan təlim poliqonuna gələn nazir ərazidə
cəbhə xəttindəki vəziyyətin modelləşdirilməsi, təlimlərin real
döyüş şəraitinə uyğun keçirilməsi və digər praktiki məşqlərlə bağlı
görülən işlərlə maraqlanıb. Müdafiə naziri ərazidəki komanda
məntəqəsində olub, çöl şəraitində yaradılmış düşərgədə təlim keçən
şəxsi heyətlə görüşüb, onların peşəkarlıq və döyüş
qabiliyyətlərinin artırılması ilə bağlı müvafiq göstəriş və
tapşırıqlarını verib.
Sonra nazirliyin rəhbərliyi hərbi şəhərcik ərazisində
yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak
edib.
Ümumilikdə hər biri üç otaqdan ibarət 52 xidməti
mənzil kommunikasiya xətləri ilə tam təchiz olunub. Müasir
standartlara cavab verən təmirli otaqlar mebel və digər avadanlıqla
təmin edilib. Yaşayış kompleksinin həyətində yaşıllaşdırma və
abadlıq işləri görülüb, hərbi qulluqçular və onların ailə
üzvlərinin səmərəli istirahəti üçün lazımi şərait
yaradılıb.
Hərbi qulluqçular və ailə üzvləri yaradılan şəraitdən
məmnun qaldıqlarını, göstərilən diqqət və qayğıya görə Ali Baş
Komandana minnətdarlıqlarını bildiriblər. Elə həmin gün
nazir cəbhəboyu zonada yeni istifadəyə verilən səhra
hospitalının açılışını da həyata keçirib.
Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəisi
general-mayor Natiq
Əliyev görülən işlər barədə məruzə edərək bildirib ki,
təxirəsalınmaz və ixtisaslaşdırılmış tibbi yardımın göstərilməsi
üçün nəzərdə tutulan səhra hospitalı ən müasir tibbi avadanlıqla
tam təchiz olunub.
Hospitalın əməliyyat, reanimasiya, müayinə, intensiv terapiya, rentgen, laboratoriya otaqları və palataları ilə tanış olan nazir tibb personalı ilə görüşərək şəxsi heyətə daha keyfiyyətli tibbi xidmətin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verib.