Azər Maqsudov: "Bank kreditinə görə intiharlar qeydə alınıb"

8 İyun 2016 13:42 (UTC+04:00)

"Toksikoloji zəhərlənmələr arasında ən çox sirkə turşusundan zəhərlənmələr üstünlük təşkil edir. Bu da böyük problemdir. Dəfələrlə sirkə turşusunun faizinin azaldılması ilə bağlı lazımi qurumlara müraciət edilib. Çünki əvvəllər sirkə turşusu 85-90%-lik buraxılırdısa, indi bu göstərici hardasa 75%-dir. Buna baxmayaraq, sirkə turşusu ilə əlaqəli ölüm faizi çoxdur. "Fevral ayından bank kreditini ödəyə bilmədiyi üçün intihar hallarının sayında artım qeydə alınıb".

Movqe.az-ın məlumatına görə, bu sözləri Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib. Hazırda bank krediti problemi olanların intiharı ilə baǧlı müraciətlərin azaldıǧını deyən Baş toksikoloq deyib ki, intihara cəhd edənlər əsasən sirkə turşusu içiblər. Onun sözlərinə görə, hər ay 10-15 xəstə sirkə turşusundan zəhərlənmə diaqnozu ilə klinikaya qəbul olunur: "Onların da 80-90%-i ağır və ya kəskin ağır vəziyyətdə olur. Əsas ölüm faizi də məhz, sirkə turşusu ilə zəhərlənmələrdə qeydə alınır".

İl ərzində klinikaya 2 mindən çox xəstənin toksikoloji zəhərlənmələrlə bağlı müraciət etdiyini deyən A.Maqsudov əlavə edib ki, müraciət edənlərin ümumilikdə 30-40 nəfərində ölüm halı qeydə alınıb:

"Ölümlərin əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərman zəhrələnmələri nəticəsində müşahidə olunub".

Şöbə müdirinin sözlərinə görə, hər gün axşamlar 5-6 nəfər 25-40 yaş arası kişilər sərxoş halda xəstəxanaya gətirilir: "Az miqdarda sprtli içki qəbul edənlərin klinikaya gətirilməsi şöbənin fəaliyyətinə çətinlik yaradır".

O bildirib ki, hər il 300-320 uşaq müxtəlif zəhərlənmələrlə bağlı daxil olur:

"Onların 80%-i yandırıcı məhlullar, 10 faizi məişətdə istifadə edilən kimyəvi məhsullar , 4-5 faizi isə polivitamin və antibiotik dərman preparatları ilə bağlı olur. Bəzən valideynlər ürək, təzyiq dərmanlarını uşaqların əli çatan yerlərə qoyur və nəticədə uşaqlar onu qəbul edərək zəhərlənməyə məruz qalır. Bundan əlavə, uşaqlar xəstələndikdə onlara təyin olunan dərman preparatlarının dozası artıq verilir və bu da mənfi nəticəyə səbəb olur".