Avropada Ermənistana qarşı sanksiyaların tətbiqi gündəmə gətirildi

9 İyun 2016 09:45 (UTC+04:00)

Prezident İlham Əliyev Almaniyaya səfəri çərçivəsində bu ölkənin kansleri Angela Merkellə görüşündə bir daha diqqətə çatdırdı ki, etnik təmizləmə törədən, beynəlxalq hüququ pozan, başqa dövlətin ərazisini işğal edən Ermənistana qarşı sanksiya tətbiq olunmayıb.

Bəs, Avropa ölkələrinin paytaxtlarında Ermənistana qarşı sanksiya tətbiq olunmasının gündəmə gətirilməsi nəhayət ki, bu məsələnin reallaşmasına səbəb ola bilərmi?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayevin fikrincə, Ermənistana qarşı sanksiya tətbiqinin reallaşması üçün Qərbin ortalığa siyasi iradə qoyması vacibdir ki, bunu hələlik müşahidə etmirik: "Azərbaycan Prezidenti İlham Əliyevin Berlində işğalçı Ermənistana qarşı hələ də sanksiyaların tətbiq olunmadığını bir daha gündəmə gətirməsi çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, cənab Prezident bu fikirləri demək olar. hər yerdə və hər zaman deyir. Bənzər hadisələrin hamısında təcavüzkara qarşı sanksiyalar tələb olunur.

Ermənistana münasibətdə sanksiyaların tətbiq edilməsini tələb etmək Azərbaycanın haqqıdır. Cənab Prezident də bizim haqqımızı müdafiə edir və bu tələbi qətiyyətlə beynəlxalq ictimaiyyət qarşısında qoyur. O, demək olar ki, Qərb dövlətlərinin hamısına səfərləri zamanı bu tələbləri gündəmə gətirib, beynəlxalq təşkilatlarda da bu məsələləri qoyub. Amma bunun reallaşması üçün lazım olan əsas məsələ ortalıqda yoxdur. Avropa dövlətləri bu məsələdə siyasi iradə göstərmirlər. Onların siyasi iradəsi olmayınca, məsələnin gerçəkləşməsi də çətindir. Lakin bu, heç də o demək deyil ki, Azərbaycan öz haqlı tələbindən geri çəkilməlidir. Çəkilmirik və heç zaman da çəkilməyəcəyik. Hər yerdə bu tələbi qoymalıyıq, tələb etməliyik ki, problemin həllində beynəlxalq hüquq işləsin. Amma görürük ki, beynəlxalq hüquq bizə çatanda işləmir".

Milli Məclisin deputatı Asim Mollazadə də təəssüflə qeyd etdi ki, hələlik beynəlxalq qurumların Ermənistana qarşı sanksiya tətbiq etmək niyyətini görmürük: "Ən azından, Azərbaycan çalışır ki, işğalçı Ermənistana qarşı beynəlxalq səviyyədə sanksiyalar tətbiq olunsun. Prezident İlham Əliyev Ermənistanın ölkəmizə olan təcavüzü, etnik təmizləmə siyasəti, Xocalı soyqırımı haqqında Berlində keçirdiyi mətbuat konfransında bütün həqiqətləri açıqladı.

Hazırda Almaniya ATƏT-in sədri funksiyasını yerinə yetirir. Azərbaycan da beynəlxalq təşkilatlardan tələb edir ki, onlar öz təməl prinsiplərində əksini tapan addımları atsın. Təəssüf ki, hələlik bunu müşahidə edə bilmirik".