Çin alimləri Azərbaycan iqtisadçılarının tədqiqatına maraq göstərirlər

8 İyun 2016 18:00 (UTC+04:00)

Çin İctimai Elmlər Akademiyası İqtisadiyyat İnstitutunun direktoru, professor Pei Çanqhonq Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İqtisadiyyat İnstitutuna məktubla müraciət edib.


AMEA-nın institutundan Movqe.az-a verilən məlumata görə, o, dövlətin iqtisadiyyata müdaxilə səviyyəsinin ölçülməsi və optimallıq həddinin müəyyənləşdirilməsi sahəsində Azərbaycan iqtisadçılarının apardığı tədqiqatların böyük maraq doğurduğunu bildirib və alınmış nəticələrlə daha yaxından tanış olmaq üçün görüş və seminarların keçirilməsini təklif edib.


AMEA İqtisadiyyat İnstitutu belə tədqiqatları 2014-cü ildən başlayaraq aparır. İnstitutun təklif etdiyi İnteqral indeks ilk mərhələdə Şərqi Avropa və Mərkəzi Asiya regionu dövlətləri və bir sıra inkişaf etmiş ölkələr (cəmi 37 ölkə) üçün hesablanıb. Alınmış nəticələri və onların interpretasiyasını əks etdirən elmi əsərlər təkcə Azərbaycanda deyil, xarici ölkələrdə də dərc edilib. Bu nəticələrlə İnstitutun internet saytında (www.economics.com.az) tanış olmaq mümkündür.


Hazırda 2015-ci ilin statistik göstəriciləri əsasında 62 ölkə üçün İnteqral İndekslərin hesablanması başa çatdırılıb və yaxın günlərdə elmi ictimaiyyətə tədqim ediləcəkdir.