XİN: Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı hələlik məlum deyil

9 İyun 2016 14:00 (UTC+04:00)

Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün vaxtı hələlik məlum deyil.

 

Movqe.az-ın "news.am"a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryan bildirib.

 

Xatırladaq ki, sonuncu dəfə Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş ATƏT-in Minsk qrupu ölkələrinin xarici işlər nazirlərinin və həmsədrlərin iştirakı ilə mayın 16-da Vyanada keçirilib.

 

Yekun bəyanata əsasən, növbəti görüşün iyun ayında keçirilməsi barədə razılıq əldə olunub.

 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

 

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

 

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

 

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPA, ATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.