Sürüşmə sahələrində kəskin aktivləşmə-Rəsmi

9 İyun 2016 13:02 (UTC+04:00)

"Sürüşmə zonalarının bir neçəsində aktivləşmə qeydə alınıb. Bəzi sürüşmə zonalarında kəskin aktivləşmə var". Bu sözləri Movqe.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. Ə. Piriyev bildirib ki, İsmayıllının Basqal-Sulut yolunun 10-cu kilometrliyində sürüşmə zolağının uzunluğu 750 metrdən 1 kilometrə çatıb: "Bu ərazidə çatın eni isə 400 metrə qədər aktivləşib. Sürüşmə zonasına yaxın yerləşən 7 ev köçürülüb".

Ə. Piriyev bildirib ki, Lənkəran Astara yolunun 37-ci km-də, sürüşmə sahəsində xeyli aktivləşmə müşahidə olunub. Baş geoloq bildirib ki, Masazırda isə sürüşmə sahəsində sürüşmə zolağının enində 3 sm aktivləşmə qeydə alınıb. Ə. Piriyevin sözlərinə görə, sürüşmə sahələrində aktivləşməyə son günlər aramsız yağan yağışlar səbəb olub.