İkili standart üzərində qurulan terror siyasəti

10 İyun 2016 09:00 (UTC+04:00)

Həftənin üçüncü günü Türkiyədə yeni bir terror hadisəsi baş verdi. Həmin gün Mardin əyalətinin Midət şəhərindəki polis bölməsinin binası yaxınlığında minalanmış avtomobilin partlaması nəticəsində 5 nəfər ölüb, 51 nəfər isə yaralanıb. Türkiyənin baş naziri Binəli Yırdırım baş vermiş hadisənin terror olduğunu söyləyərək, onun arxasında PKK terror təşkilatının dayandığını bildirib.

Qeyd edək ki, Midət şəhərindəki hadisədən bir gün öncə Ankaranın özündə də terror hadisəsi törədilmişdi. Bunun da nəticəsində 10-a yaxın insan terrorun qurbanı olmuşdu. Proses ondan xəbər verir ki, Türkiyə hökuməti terrora qarşı mübarizəsini gücləndirdikcə, PKK terror təşkilatı da aqressivliyini artırır. Adətən terror bəşəri bəla olduğundan ona qarşı mübarizədə bütün dünya dövlətləri əlbir olmalıdırlar. Amma əksər hallarda bunun əksini görürük. Belə ki, PKK-nın terror təşkilatı olduğu, dəfələrlə dinc sakinlərə qarşı belə terror hadisəsi törətməsi faktları təsdiqlənsə də, dünyanın bir sıra ölkələri, Qərb, o cümlədən Rusiya hələ də PKK-nı terror təşkilatı kimi tanıyaraq ona qarşı əməli addımlar atmırlar. Əksinə, bir çox hallarda görürük ki, bəzi ölkələr PKK-ya dəstək olurlar. Bəs, terrorla mübarizə aparan Türkiyəyə münasibətdə bəzi dövlətlərin siyasətində mövcud olan bu ikili siyasətin hökm sürməsinə səbəb nədir? Niyə onlar başqa yerlərdə olan terror təşkilatlarını lənətləsələr də, anoloji addımı PKK-ya münasibətdə armırlar?

Politoloq Natiq Mirinin fikrincə, son illər Türkiyənin hərtərəfli güclənməsi dünya güclərini qıcıqlandırdığından onlar PKK terroru vasitəsilə qardaş ölkəni inkişafdan yayındırmağa çalışırlar: "Bilirsiniz ki, PKK bütün zamanlarda dünya güclərinin əlində geosiyasi alət olub. Bu günün özündə də PKK dünya gücləri üçün həmin funksiyanı icra etməkdə davam edir. O təzyiq mexanizmindən də daim Türkiyəyə qarşı istifadə olunub.

Ankara dünya güclərinin maraqlarının əleyhinə hər hansı bir qərar verdiyi təqdirdə, PKK həmişə aktivləşib və Türkiyədə qanlı hadisələr törədib. Bu gün də Türkiyə bütün parametrlər üzrə dünya miqyasında güclənməkdədir. Artıq Türkiyə Qərbin bir əlavəsi olan ölkə statusundan çıxıb, müstəqil regional bir güc statusunu davam etdirir. Bu mənada Türkiyənin gələcək inkişaf perspektivi dünya güclərini narahat edir. Bir vaxtlar hər hansı elementar bir silahı Qərb dünyasından alan Türkiyə bu gün ən müasir silahları belə özünün müdafiə sənayesi vasitəsilə istehsal etmək gücündədir. Bu da yaxın gələcəkdə Türkiyənin həm regionda, həm də qlobal səviyyədə böyük güc olmasının göstəricisidir. Ayrıca olaraq bu gün Türkiyə təkcə siyasi və hərbi cəhətdən qüdrətli deyil, iqtisadi cəhətdən də müstəqil və qüdrətli ölkə olmağa başlayıb. Türkiyə Yaxın Şərqdə, Şərqi Avropa və Balkanlarda iqtisadi ekspansiya yerinə yetirir. Bu gün Şərqi Avropa və Balkanlarda Türkiyə ciddi mənada Almaniya kimi Avropadakı həlledici ölkələri sıxışdırmağa başlayıb. Ona görə də fikir vermisinizsə, son zamanlar Türkiyəyə qarşı nəinki təkcə PKK terror təşkilatı səviyyəsində, hətta qondarma "erməni soyqırımı"nın tanınması məsələsində də artıq Avropa ölkələri yarışa girişiblər.

Bütün bunların da arxasında bir səbəb dayanır. Bu da Türkiyəni dayandırmaq və əvvəlki statusuna qaytarmaqdan ibarətdir. Yəni, Türkiyə müstəqil geosiyasi aktiv siyasət yürütdükcə ona bu yöndə basqılar da artır. PKK terroru da bu ümumi planın tərkib hissəsidir. Ayrıca onu da nəzərə alaq ki, artıq PKK terroru bitirilmə nöqtəsinə gəlib. Ona görə də son günlər daha şiddətli terror hadisələrini müşahidə etməkdəyik. Yəni PKK terroru bitirildikcə və bu proses sona yaxınlaşdıqca, Türkiyəyə basqılar həmin terror təşkilatı tərəfindən daha da artırılır ki, Ankara bu yöndə qərarını dəyişsin".

Politoloq Elxan Şahinoğlu da qeyd etdi ki, dünya gücləri Türkiyənin həmişə təhdid altında qalmasında maraqlıdır, ona görə də PKK kimi terror təşkilatına gözün üstə qaşın var demirlər: "Qərb və Rusiya Türkiyənin güclənməsi və bölgədə söz sahibi olmasını istəmir. Bir tərəfdən bəzi Avropa ölkələri PKK-ı terror qruplaşmaları siyahısına daxil edib, amma digər tərəfdən ona real dəstək də verirlər. Almaniya bir tərəfdən ermənipərəst qətnamə qəbul edir, digər tərəfdən də ermənilərə dost olan PKK terror təşkilatına simpatiyasını gizlətmir.

Düzdür, demək olmaz ki, Almaniya birbaşa olaraq PKK-ya silah verir. Amma Almaniyada yığılan pullar vasitəsilə PKK silah alınıb Türkiyə vətəndaşları qətlə yetirilir. O cümlədən Rusiya Suriya üzərindən PKK-ya müəyyən qədər silah ötürür. Bunun nəticəsidir ki, artıq PKK-nın əlində helikopter vuran raketlər var. Hazırda Türkiyə iqtisadi cəhətdən də güclənir. Bunu isə Qərbdə istəmirlər. Ona görə çalışırlar ki, Türkiyə hər zaman problemlər içində olsun və belədə inkişafdan qalsın. Lakin onların bu səylərinə baxmayaraq Türkiyə PKK-ya qarşı mübarizədə ciddi uğurlara imza atıb. Bir il ərzində ən azı 2 minə yaxın PKK terrorçusu məhv edilib və bu proses davam edir. Təəssüf ki, terrorçular İstanbul və Ankara şəhərlərində terror hadisələri törədib. Amma buna da alışmaq lazımdır. Çünki terrorla mübarizədə görünür, qurban da olacaq. Türkiyə heç bir halda təzyiqlərə baxıb geri çəkilməyəcək".