Elmar Məmmədyarov: Çin ilə turizm üzrə əməkdaşlıq üçün geniş imkanlar var

9 İyun 2016 17:40 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Honq Jiu Yini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, görüşdə 2015-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Çinə səfəri, keçirdiyi görüşləri və səfər zamanı imzalanmış sənədlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığı vurğulanıb.


Nazir ölkəmizin nəqliyyat və tranzit imkanları haqqında danışaraq Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Çinin təşəbbüskarı olduğu İpək Yolu İqtisadi Kəməri layihəsinin mühüm hissələrindən biri ola biləcəyini vurğulayıb. O, iki ölkə arasında humanitar və turizm sahəsində də əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu deyib


E.Məmmədyarov beynəlxalq gündəlikdə olan vacib məsələlərə münasibətdə Azərbaycan və Çinin mövqeyinin üst-üstə düşdüyünü qeyd edərək, Azərbaycanın 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olan zaman BMT TŞ çərçivəsində Çin ilə yaxın əməkdaşlığa malik olduğunu diqqətə çatdırıb.


H.J.Yin ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğulayıb. O, 2016-cı ilin mayında Çin Xalq Respublikası Sədrinin xüsusi nümayəndəsi Menq Jianzu və Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin Azərbaycana səfərlərinin bunun bariz nümunəsi olduğunu bildirib.


Səfir diplomatik fəaliyyətinin uğurla həyata keçirilməsi üçün ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.


Nazir səfirə Azərbaycan və Çin arasında əlaqələrin inkişafına verdiyi töhfəsinə görə təşəkkürünü ifadə edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.