Bakıda müəllim şagirdlərə əxlaqsız hərəkət edib?

10 İyun 2016 14:39 (UTC+04:00)

Binəqədi rayonundakı Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbdə şagirdini döyməkdə ittiham olunan müəllim Akif Səmədov məsələyə aydınlıq gətirib. Movqe.az-ın məlumatına görə, bu barədə AzNews.az-a açıqlama verən A.Səmədov Qubadlı Rayon Təhsil Şöbəsi və Binəqədi Rayon Polis Şöbəsində izahat verib: "Hadisə olub, valideyn də gəlib məktəbdə səs-küy yaradıb. Həmin şagirdə mən dərs deyirəm, 8-ci sinif şagirdidir. Dərsdə səs elədi və gedişiatı pozdu. Xəbərdarlıq elədim, amma eşitmədi. Məsələ də bundan sonra oldu".

A.Səmədov həmin məktəbdə direktor müavini işləmədiyini bildirib: "Akifə müəllimə direktor təyin olunanda ərizə yazıb müavinlikdən çıxmışam. 7 ildir ki, mən fizika fənni üzrə dərs deyirəm. Xahişim budur ki, belə məsələlərdə bir az diqqətli olsunlar".

Xatırladaq ki, mətbuatda Akif Səmədovun yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər etdiyi, bu səbəbdən də valideynlər tərəfindən döyüldüyü ilə bağlı məlumat yayılıb.Binəqədi rayonundakı Kərəm Mirzəyev adına Qubadlı rayon Xanlıq kənd 1 saylı tam orta məktəbinin direktoru Akifə Səmədova həyat yoldaşının döyülməsi faktı ilə bağlı özü zəng edib. Hadisə ilə bağlı danışmaqdan imtina edən xanım direktor ərinin qızlara sataşmağa görə yox, qiymət üstündə döyüldüyünü deyib: "Həyat yoldaşım, sizin iddia etdiyiniz kimi, qızlara sataşmayıb. Sadəcə olaraq, həmin qızın qiymətini kəsib. Ona görə də onun valideynləri belə bir hərəkət ediblər. Kimin günahkar olmasını polis araşdıracaq". Məktəb direktoru onu da bildirib ki, hadisə Binəqədi rayon 6-cı polis bölməsində araşdırılır.

Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən məcburi köçkün məktəbinin direktor müavini Akif Səmədov yuxarı sinif şagirdləri olan qızlara qarşı əxlaqsız hərəkətlər edib. Dünən baş verən hadisəni qızlardan biri öz valideynlərinə danışıb. Nəticədə, həmin uşağın valideyni bu gün adıçəkilən məktəbdə direktor müavini işləyən Akif Səmədovu döyüb. Hal-hazırda Akif Səmədov xəstəxanaya yerləşdirilib. Direktor müavininə ağır xəsarət yetirildiyi bildirilir. Məktəbin direktoru isə Akif Səmədovun həyat yoldaşı Akifə Səmədovadır. Valideynlər onu da bildiriblər ki, ər-arvadın rəhbərlik etdiyi məktəb həm də ən çox rüşvət halları olan məktəb kimi tanınır. Xatırladaq ki, Akifə Səmədova dünən olayı gizlətməyə çalışsa da hadisənin ictimailəşdirilməsindən sonra Təhsil Nazirliyi hərəkətə keçib.