Kasıblara tikilən evlərdən xəbər var

10 İyun 2016 17:47 (UTC+04:00)

Azərbaycanda sosial mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. Movqe.az xəbər verir ki, bunu AZƏRTAC-a müsahibəsində prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru Samir Nuriyev deyib. Onun sözlərinə görə, çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir: "İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir. Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında ondan artıq torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə (ölçüləri, topoqrafiyası, nəqliyyat və digər infrastrukturun mövcudluğu və s.) ilkin qiymətləndirilməsi həyata keçirilib. Bununla yanaşı, artıq Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib".

 

S. Nuriyev bildirib ki, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. O əlavə edib ki, seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən "MİDA" MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq.