“Formula-1” manatı bahalaşdıracaq

11 İyun 2016 08:00 (UTC+04:00)

Paytaxtımız mühüm növbəti beynəlxalq tədbirin astanasındadır. Artıq "Formula-1" Avropa Qran-pri yarışına hazırlıq işləri tamamlanıb. Tədbirlə əlaqədar ölkəmizə 10-12 min xarici turistin gəlməsi gözlənilir. Turistlərin yüksək səviyyədə qarşılanması üçün lazım olan bütün tədbirlər görülüb.

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) tövsiyəsi ilə "2016 Formula-1 Avropa Qran Prisi" ilə əlaqədar olaraq Bakının mərkəzində yerləşən bankların filial və şöbələri gücləndirilmiş iş rejimində çalışacaq. Mütəxəssislərin fikrincə, yarış ərəfəsində manata tələbat artacaq ki, bu da məhz avro və dolların kursunun müəyyən müddət aşağı sala bilər. Çünki tursitlər özləri ilə xeyli miqdarda avro və dollar gətirəcək.

İqtisadçı-ekspert İldırım Qurbanov hesab edir ki, mövcud vəziyyətdə ölkəmizdə avro və dolların mübadiləsi zamanı manata təlabat artacaq: "Belə demək olar ki xarici mübadilə prosesi sürətlənəcək. Çünki, elə yerlər olacaq ki, turistlər orda vəsait xərcləyəndə onlarda manat olmalıdır. Yəni, əlində olan dolları və ya avronu manata çevirməlidir. Bu prosesi tənzimləmək lazımdır.

Hazırda bu yarışa giriş üçün 3 günlük biletlərin qiyməti 200 dollarla 590 dollar arasında, iyunun 16-dan 20-dək akkreditə olunmuş mehmanxanalarda yaşayış xərcləri isə 540 dollardan 2500 dollaradək dəyişir. Belə düşünmək olar ki, Mərkəzi Bank Azərbaycanı xarici turistlərə cəlbedici etmək üçün manatın məzənnəsini ucuzlaşdıra bilər. Turistlər üçün mehmanxana və biletin ödənişləri, əsasən dollarla aparılsa da, qeyd etdiyimiz kimi, onların yemək və istirahət xərcləri manata tələbatı artıracaq. Bazara bu məqsədlə dolların çıxması iqtisadi qanunauyğunluğa görə, manata tələbatı artırmaqla onu bahalaşdırmalıdır. Amma bu, turistlər üçün Azərbaycan bazarının arzuolunmaz edə bilər. Ona görə də məzənnəni inzibati yolla tənzimləyən Mərkəzi Bankın dolları bahalaşdırması daha real görürünür. Bütövlükdə tələb-təklif qanununa görə, manata olan təlabat artıdığından milli valyutanın məzənnəsi digər xarici valyutalara nisbətdə yüksələcək. Çünki, tələb artır və təklif azalır. Bu ərəfədə milli valyutanın daha da çox möhkəmlənməsi iqtisadi prosesdir".

Digər iqtisadçı-ekspert Cəfər İbrahimli isə fərqli düşünür: "Düzdür, bu tipli tədbirlərin keçirilməsi turistlərin ölkəyə gəlişinə müsbət təsir edir. Amma valyuta ilə bağlı ciddi dəyişiklik gözlənilmir. Yəni, turistlərin bu şəkildə gəlməsi valyutaların məzənnəsində ciddi dəyişiklik yaratmayacaq. Sadəcə, bankların bağlı olub-olmaması ilə bağlı amil var idi. Bununla bağlı da artıq Maliyyə Palatasının qərarı oldu. Banklar fasiləsiz işləyib xidmət göstərəcəklər. Lakin nəzərə alaq ki, Mərkəzi Bankın mövqeyi manat-dollar məzənnəsinin 1.5 səviyyədə qalmasından ibarətdir".