Qərbin regionda seçimi Azərbaycandır

11 İyun 2016 09:15 (UTC+04:00)

Qərb dövlətləri Ermənistanla müqayisədə Azərbaycanla münasibətlərin inkişafına getdikcə daha çox önəm verməyə başlayıblar. Uğurlu xarici siyasət strategiyası, iqtisadiyyatın diversifikasiyası siyasəti aparıcı Qərb dövlətlərinin ölkəmizə marağını daha da artırıb. Prezident İlham Əliyevin Almaniyaya səfəri, bu ölkədə apardığı səmərəli görüşlər də rəsmi Berlinin etibarlı tərəfdaş qismində Azərbaycana önəm verdiyini təsdiqlədi.

Millət vəkili Elman Məmmədov hesab edir ki, bu, dövlətlərin mövqeyindən asılıdır: "Qərb Azərbaycanla Ermənistandakı vəziyyəti müqayisə edir. Azərbaycanda olan inkişafı, demokratiyanı görür. Eyni zamanda Azərbaycada və Ermənistandakı tolerantlıqlar arasında fərq ortadadır. Həmçinin Azərbaycan Qərbə daha çox lazımdır. Çünki, ölkəmiz Avropanın enerji təhlükəsizliyi proqramlarında aparıcı dövlətdir. Ermənistan isə Avropaya terrorçu ixrac edir. Bu da Ermənistanın töhfəsidir. Bu gün Qərbi Cənubi Qafqazda stabillik maraqlandırırsa, bu sabitliyin təminatçısı kimi lider dövlət Azərbaycandır. Sabitliyin pozucusu isə təcavüzkar erməni dövlətidir. Bütün bunları müqayisə edəndə məsələlərə ədalətli yanaşanlar Azərbaycana üstünlük verirlər.

Ölkəmiz bütün dövlətlərlə əməkdaşlığa açıqdır. Biz öz mövqeyimizi təqdim edirik. Ermənistan isə işğalçılığını, saxtakarlığını ortaya qoyub. Bütün bunların müqayisəsinin nəticəsində Azərbaycana üstünlük verilməsi gözləniləndir. Çox təəssüf ki, bəzən bunun əksini də görürük. Ancaq Azərbaycan mövqeyindən dönməyib. Bütün dövlətlərlə münasibətlərini əməkdaşlıq səviyyəsində saxlamaqda maraqlıdır. Hətta bir çox məsələlərdə Avropa bizdən nümunə götürməlidir. Sözsüz ki, Avropada da düzgün fikirləşənlər var. Onların Azərbaycana üstünlük verməsi gözlənilən haldır. Azərbaycan belə dövlət və təşkilatların sayının artmasında maraqlıdır".

Politoloq Oqtay Sadıqzadə bildirir ki, burada əsas iki səbəbi göstərmək olar: "Birincisi, enerji faktorudur. Azərbaycan ilə Avropa İttifaqının enerji əməkdaşlığı var. Azərbaycan da öz növbəsində ehtiyatlı olmalıdır. Burada xristianlıq faktoru da var. Düzdür, Aİ bizlə daha çox əməkdaşlıq edir. Ancaq eyni zamanda Ermənistana da yardımlar dayandırılmır.

Beynəlxalq hüququn cinayətkarcasına pozulmasına reaksiya verəməmək, onlara mənəvi havadarlıq, siyasi dəstəyi də Aİ edir. Ona görə də Aİ-ni özümüzə tərəfdaş kimi görürüksə, mənfi elementlərini də qeyd etməliyik. Eyni zamanda ikili standartlar siyasətinə son qoymağını tələb etməliyik. Aİ bilməlidir ki, Azərbaycan yalnız Aİ ilə tərəfdaş olmaq istəyində deyil. Onlar anlamalıdırlar ki, Azərbaycan digər geosiyasi güc mərkəzləri ilə də əməkdaşlıq etməkdə maraqlıdır. Gələcəkdə də Aİ-ə anlatmalıyıq ki, biz onlara daha çox lazımıq".