Qarabağ münaqişəsinin həllində Rusiya üçün unikal şans

11 İyun 2016 09:30 (UTC+04:00)

Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putinin üçtərəfli görüşünün keçrilməsi gözlənilir. Rusiya XİN-dəki mənbənin sözlərinə görə, hazırda belə bir görüşün keçirilməsinin mümkünlüyü araşdırılır: "Tərəflər razılıq versə, görüş barədə Prezident administrasiyaları məlumat yayacaq".

Qeyd edək ki, Rusiya XİN Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammitin keçiriləcəyi ilə bağlı məlumat yayıb. Məlumatda Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinin Fransanın Rusiyadakı səfiri Jan Moris Riperlə Sankt-Peterburqda keçiriləcək Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli sammiti müzakirə etdiyi bildirilib.

Rusiya mətbuatının yazdığına görə, 3 ölkə başçısının görüşü iyun ayının sonunda baş tuta bilər. Qeyd edək ki, vaxtilə Dmitri Medvedyevin prezidentliyi dönəmində Azərbaycan, Ermənistan və Rusiya prezidentləri səviyyəsində dəfələrlə bu tip üçtərəfli görüşlər keçirilmişdi. Lakin sonradan Putinin yenidən hakimiyyətə gəlməsilə Moskva tərəfindən təşkil olunan bu tip görüşlərə sanki bir növ fasilə verildi. Amma məlum aprel müharibəsindən sonar vəziyyət dəyişib. Onu da qeyd edək ki, Rusiyanın işğalçı Ermənistana təsir imkanları çox güclüdür. Moskva demək olar ki, hər an və hər bir məsələdə İrəvana təsir etməyə qadirdir. Başqa bir tərəfdən, aprelin əvvəlində cəbhədə baş verən döyüşdən sonra münaqişə ətrafında yeni situasiya yaranıb. Bu da ondan ibarətdir ki, artıq Ermənistan və vasitəçi dövlətlərin özləri də Azərbaycanın torpaqları azad etməyə tam olaraq gücünün çatdığını əyani olaraq gördülər. Onlar həm də anladılar ki, Azərbaycan işğal olunmuş torpaqlar ətrafında vəziyyətin indiki şəkildə qalması ilə heç zaman barışmayacaq. Bu fonda da apreldən üzü bəri vasitəçilər arasında Moskvanın daha aktivlik nümayiş etdirdiyi göz önündədir.

Milli Məclisin deputatı Elman Nəsirovun fikrincə, iyunun sonlarında keçirilməsi gözlənilən bu görüşdə prosesin "ölü nöqtə"dən tərpənməsi istiqamətində gözləntilər daha çoxdur: "Bu, bir həqiqətdir ki, aprel döyüşlərinə qədər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi bir mərhələ idisə, həmin döyüşlərdən sonra yeni mərhələ başlayıb. Bu mərhələdə keyfiyyətcə fərqli bir mərhələdir.

Yeni mərhələnin əsas xüsusiyyəti ondan ibarətdir ki, daha münaqişəni əvvəlki qaydada idarə və həll etməyin mümkün olmadığı bir həqiqəti üzə çıxardı. Köhnə yanaşmalarla konflikti həll etmək mümkün deyil. Aprel döyüşlərinə qədər həmsədrlərin fəaliyyəti münaqişənin müharibəyə çevrilməsinin qarşısını almaqdan ibarət idisə, bu döyüşlər göstərdi ki, artıq buna ümid bəsləməyə heç bir əsas yoxdur, istənilən vaxt döyüşlər yenidən alovlana bilər. Elə bu nöqteyi-nəzərdən də Vyana görüşü əvvəlki görüşlərdən seçildi. O baxımdan ki, Vyana görüşündə əldə edilən razılaşma atəşkəsin qorunub saxlanılması ilə bağlı əldə olunan razılığın əslində, iyun ayında keçiriləcək görüş üçün sabit və sakit mühitin təmin edilməsinə nail olmaq mənasını daşıyırdı.

Belədə deyərdim ki, iyun ayında keçiriləcək görüş çox məsuliyyətli bir görüşdür. Burada münaqişənin həllilə bağlı müəyyən taktiki irəliləyişlər gözlənilir və buna böyük ümidlər var. 3 həmsədr sırasında Rusiyanın Ermənistana daha ciddi təsir imkanlara malik olduğu heç kimə sirr deyil. Hətta Almaniya kansleri Angela Merker Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə də münaqişənin həllində Moskvanın həlledici rola malik olduğunu bildirib. Yəni, o da konfliktin həllində Rusiyaya həlledici tərəf kimi qiymət verdi. İndi də bu məlumatlar yayılıb ki, artıq Azərbaycan və Ermənistan prezidentlərinin görüşünü Rusiya təşkil edir və bu da prezidentlər səviyyəsində olacaq üçtərəfli görüşdür. Münaqişənin həllində Rusiya həlledici tərəfdirsə, onun bir mənası odur ki, digər həmsədrlər, ABŞ və Fransa bir qədər passiv mövqedədirlər. Belədə onlar öz mövqelərini intensivləşdirməlidir. Çünki əks halda münaqişəni həll etmək imkanları məhdudlaşır. İkinci bir mənası da odur ki, münaqişənin həllində ən böyük məsuliyyət də həlledici tərəf hesab edilən Rusiyanın üzərinə düşür. Hesab edirəm ki, bu fikirlər münaqişənin həllilə bağlı Rusiyaya həm də daha geniş imkanlar verir. Çünki artıq onun həlledici rolu beynəlxalq subyektin digər dövlətləri tərəfindən də tanınır. Bütün bu reallqları nəzərə alsaq, həqiqətən də münaqişənin həllində Rusianın üzərinə düşən məsuliyyət bütün digər dövlətlərin üzərinə düşən məsuliyyətdən daha da artmış olur.

Həmin məsuliyyəti dərk edib Rusiyanın və onun prezidenti Vladimir Putinin indiki vəziyyətdə tarix yazması üçün unikal imkanları yaranıb. 1988-ci ildən başlanan müharibə 28 ildir ki, davam edir. Belə olan halda gözəl imkan yaranır ki, qəliz bir münaqişənin həlli yolunda Moskva öz sözünü demiş olsun. Bunun baş verməsi Rusiyanın beynəlxalq imicinə də müsbət təsir göstərər. Çünki məlum Ukrayna hadisələri fonunda Moskvanın beynəlxalq imicinə ciddi ziyan dəyib. Qarabağ münaqişəsinin həllində Rusiyanın aktiv rol oynayaraq prosesdə irəliləyişə nail ola bilməsi isə onun üçün beynəlxalq imicini bərpa etmək və gücləndirmək baxımından unikal bir şansdır. Bu nöqteyi-nəzərdən iyun ayının sonunda keçirilməsi istisna olunmayan görüşdə münaqişənin həlli istiqamətində faktiki, indiyə qədər olmayan irəliləyişlərin olması ehtimalı kifayət qədər böyükdür".