Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilib (FOTO)

11 İyun 2016 11:00 (UTC+04:00)

Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri, iqtisad elmləri doktoru, professor Səlim Müslümov Beynəlxalq Mühəndislik Akademiyası Prezidentlər Şurasının qərarı ilə Akademiyanın həqiqi üzvü seçilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Movqe.az- verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov Beynəlxalq Mühəndislik Akademiyasının diplomunu S.Müslümova təqdim edib.

Ə.Canəhmədov bildirib ki, Beynəlxalq Mühəndislik Akademiyası mühüm elmi əhəmiyyətli araşdırmaları və nailiyyətləri ilə seçilən, eyni zamanda elmi nailiyyətlərin praktik tətbiqinin genişlənməsinə dəyərli töhfələr verən elm xadimlərini daim öz sıralarına cəlb edir. Bu baxımdan iqtisad elminə töhfələrinə, elmi nailiyyətlərin sosial-iqtisadi sferada səmərəli tətbiqində xidmətlərinə görə iqtisad elmləri doktoru, professor S.Müslümovun Beynəlxalq Mühəndislik Akademiyasının həqiqi üzvü seçilməsi barədə qərar qəbul olunub.

S.Müslümov sosial-iqtisadi sistemlərin səmərəliliyinin artırılması üçün islahatların məhz elmi yanaşmalar əsasında aparılmasının vacibliyini qeyd edib, ölkəmizin bu günkü inkişaf modelinin də elmi əsaslara söykəndiyini vurğulayıb. Nüfuzlu beynəlxalq elmi qurumlardan olan Beynəlxalq Mühəndislik Akademiyası tərəfindən göstərilən diqqətə və etimada görə minnətdarlığını bildirən S.Müslümov elmi fəaliyyətini qarşıdakı dövrdə də uğurla davam etdirmək əzmində olduğunu bildirib.

Beynəlxalq Mühəndislik Akademiyası 1992-ci ildə təşkil olunub. Müstəqil elmi-texniki təşkilat kimi beynəlxalq səviyyədə elmi-texniki inkişafı, intellektual potensilın artırılması və iqtisadiyyatda tətbiqinin genişləndirilməsini dəstəkləyir. Mərkəzi ofisi Moskva şəhərində yerləşən Akademiya tərkibində ayrı-ayrı dövlətlərin prezident və hökumət başçılarını, görkəmli alimləri, ictimai xadimləri, böyük elmi və sənaye qurumlarının rəhbərlərini birləşdirir. 2005-ci ildə yaradılan Azərbaycan Mühəndislik Akademiyası ilə Beynəlxalq Mühəndislik Akademiyası arasında fəal əməkdaşlıq həyata keçirilir.