ANAMA 4 ədəd partlamamış hərbi sursat aşkar edib (FOTO)

11 İyun 2016 11:30 (UTC+04:00)

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) 10 iyun tarixində 4 ədəd partlamamış hərbi sursat aşkar edib. Bu barədə Movqe.az-a agentlikdən bildirilib.

Tərtər rayonu 

Şıxarx kəndi - Əkin sahəsində 1 ədəd partlamamış hərbi sursat (122-mm top mərmisi) aşkar edilərək götürülüb. Ərazidə əməliyyatlar növbəti gün davam etdiriləcək.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Füzuli rayonu

Horadiz şəhəri - 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 1 790 kv. m ərazi yoxlanılıb.

Astara rayonu 

Ərçivan kəndi - 1 ev və həyətyanı sahədə 1 ədəd partlamamış hərbi sursat (122 mm top mərmisi) aşkar edilib. Mərminin üzərində döyüş başlığı olduğu üçün növbəti gün yerində zərərsizləşdiriləcək.

(FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzinin məlumatı)

Ağdam, Ağcabədi rayonlarında hava şəraiti ilə əlaqədar əməliyyatlar aparılmayıb.

10 İyun tarixində 1 ev və həyətyanı sahə, 4 əkin sahəsi, 3 partlayış yeri, 4 ədəd partlamamış hərbi sursat (2 ədəd 122 mm-lik top mərmisi, 1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi) aşkar olunaraq götürülüb və gün ərzində 1 790 kv. m ərazi təmizlənib.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel - 10 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 592 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 517 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.