Şəbnəm Baş Prokurorluğa çağırılıb?
11 İyun 2016 19:00 (UTC+04:00)
Müğənni Şəbnəm
Əsədovanın (Tovuzlu) Bakı şəhər Baş Prokurorluğuna çağırılması
barədə xəbər yayılıb. Məlumatda müğənninin prokurorluğa çağırılaraq
dindirildiyi bildirilib.
Movqe.az xəbər verir ki, "Qafqazinfo" məsələyə aydınlıq
gətirmək üçün müğənni ilə əlaqə saxlayıb.
Ş.Əsədova yayılan xəbərləri təkzib edib, ailəsi ilə birgə
istirahətə getdiyini söyləyib:
"Cinayət törətməmişik, adam öldürməmişik, kiməsə şər atmamışıq.
İndi ailəmlə birlikdə istirahətə gedirəm. Başqa nə ola bilər?
Keçmişdə birinci həyat yoldaşımla müəyyən problemlər yaşanmışdı.
Onun problemi özünə, bundan mənə nə? Məni çağırarlar, vəkilim bu
işlə məşğul olar. Qanun, qayda var. Dərəlbəylik deyil ki? Camaat
min dənə iş görür. Sadəcə olaraq Şəbnəm gündəmdədir. Hamıdan gözəl
və gəşəngdir, sözünü deyir, silləni bir dəfə vurub çıxır. Köhnə
həyat yoldaşımla boşanmağımı, aramızdakı söz-söhbətləri ortaya
atıblar. İndi ikinci həyat yoldaşım və ailəmlə çox xoşbəxtəm,
istirahətə gedirəm. Yalandan reytinq xətrinə məlumatlar
yaymasınlar, ayıbdır".
Qeyd edək ki, məşhur xanım müğənni Şəbnəm Tovuzlu qadın alveri
ittihamı ilə MTN-ə aparılıb. İddia olunur ki, müğənninin MTN-ə
aparılmasını Akif Çovdarovdan ona sponsorluq etmiş Famil adlı şəxs
xahiş edib.
Müğənnidən tələb ediblər ki, ona Famil adlı şəxsin bağışladığı
mənzili geri qaytarsın. Vurğulanıb ki, bundan sonra "Qafqaz MTK"nın
Nərimanov rayonu ərazisindəki çoxmərtəbəli binasının 3-cü blokunun
2-ci mərtəbəsindəki 3 otaqlı mənzil Familin adamı Abbas Həsənlinin
adına keçirilib. Famil adlı şəxs A.Çovdarovun setində olan iş adamı
kimi təqdim edilir. Bildirilir ki, Famil və onun şərikləri
A.Çovdarovun "krışa"lığı ilə Bakıda çoxmərtəbəli binalar tikiblər.
Bakıda tikinti biznesi ilə məşğul olan digər iş adamlarının
barəsində generala məlumatlar ötürüb onları sıradan
çıxarıblar.