Oktay Hüseynovun xatirəsinə açıq Respublika turniri keçirilib

13 İyun 2016 12:30 (UTC+04:00)

Bakı İdman Sarayında Beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim, "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi" Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq Respublika turniri keçirilib.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, arışda yerli iştirakçılarla yanaşı, Gürcüstan, Türkiyə və Rusiyadan ümumilikdə 220 yeniyetmə pəhləvan mübarizə aparıb. 


Turnirin açılış mərasimində çıxış edən Respublika Olimpiya İdman Liseyinin direktoru Rasim Muradov, Gənclər və İdman Nazirliyinin sektor müdiri Cəbrayıl Həsənov, Milli Məclisin deputatları Adil Əliyev, Ülvi Quliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev və Oqtay Hüseynovun tələbələri adından, dünya çempionu, Heydər Əliyev adına Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, idman mərkəzinin təsisçisi, Ümumukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının rəhbəri, yarışın təşkilat komitəsinin sədri Oleq Krapivin turnirin əhəmiyyətini yüksək qiymətləndiriblər.


Daha sonra Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov çıxış edib və yarış iştirakçılarına uğurlar arzulayıb.  


Ölkəmizdə idman siyasətinin əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdıran natiqlər hazırda bu ənənənin uğurla davam etdirildiyini vurğulayıblar. Bildirilib ki, dövlətimizin başçısı, Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizdə idman sürətlə inkişaf edir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər Bakı dünyanın idman mərkəzlərindən birinə çevrilib.


Çıxışlarda Azərbaycanda güləşin də inkişafının diqqət mərkəzində olması məmnunluqla qeyd edilib. Bildirilib ki, güləşçilərimiz qatıldıqları beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edərək medallar qazanırlar.


Açılış mərasimindən sonra turnirin final görüşləri keçirilib, qalib və mükafatçılara diplom, pul mükafatı və idman geyimi hədiyyə edilib.