Bakıda "Formula 1" ilə bağlı tikinti işləri başa çatır (FOTO)

13 İyun 2016 16:52 (UTC+04:00)

Bakıda "Formula 1" Avropa Qran Prisinin keçirilməsi ilə bağlı tikinti işləri artıq tamamlanmaq üzrədir. Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında yarış obyektinin tikintisi işlərinə məsul olan Tom Buçer deyib.


Onun sözlərinə görə, yarışda iştirak edəcək heyətlər artıq formalaşıb.


T.Buçer qeyd edib ki, bu gün axşam saatlarından etibarən səkiqırağı tikinti işlərini başa çatdırmaq üçün trekin ərazisinə düşən yollar bağlanacaq, çünki 83 yerdə təhlükəsizlik baryerlərinin quraşdırılması tamalanmalıdır.


T.Buçer bildirib ki, sabahdan etibarən yarışda iştirak edəcək avtomobillər "pitstop"a gətiriləcək: Bəzi heyətlər artıq Bakıya gəlib, digərləri isə sabah gələcək və bununla da hazırlıq işləri tamamlanacaq".


O vurğulayıb ki, hazırlıq işləri nəzərdə tutulan qrafikə uyğun aparılır: "Bakıya gələn heyətlər də görülən işlərdən razıdırlar. Onlar deyirlər ki, yarış üçün gözlədiklərindən də yüksək səviyyəli şərait yaradılıb".


Hər kəsi bu yarışa dəstək verməyə çağıran T.Buçer qeyd edib ki, artıq Bakı dünyaya nəyə qadir olduğunu göstərməyə hazırdır: "Yarışı tribunalardan 30 minə qədər insan izləyəcək. Tamaşaçılardan 15 minə qədəri yarışı oturacaqları olan tribunalardan, 15 minə qədəri isə ayaqüstü tribunalardan izləyəcək".