Radikal müxalifət partiyaları siyasi səhnədən çıxır

14 İyun 2016 09:15 (UTC+04:00)

Proseslər göstərir ki, radikal müxalifət yenə özünün durğunlq dövrlərindən birini yaşayır. Onlar yalnız hansısa ictimai, siyasi proseslər öncəsi və ya sonrası az müddətdə aktivləşirlər v ədərhal sonra da səhnədən yenidən itirlər. Həmin partiyalarda müşahidə edilən daim hərəkət isə üzvlərinin qopmasıdır. Siyasilər radikal müxalif düşərgənin passiv olmasının bir səbəbi kimi də məhz bu amili önə çəkilər.

Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, demokratik cəmiyyətdə müxalifət mövcud olmalıdır: "Dövlətimizin də siyasəti bundan ibarətdir ki, Azərbaycanda bütün demokratik təsisatlar inkişaf etsin. Amma müxalifətdə olan partiyaların böyük bir hissəsi 1990-cı illərin əvvələrindən necə idilərsə, hazırda da elədirlər. Bu illər ərzində özlərinin fəaliyyətsizliyi nəticəsində tənəzzülə uğrayıblar. Onların ən böyük səhvi demokratik yolla hakimiyyətə gəlmiş qüvvələri qəbul etmək istəməməkləridir. O vaxtdan onların hədəflərinin mərkəzində hakimiyyətin bütün fəaliyyətinə qara yaxmaqdır. Onlar bu məsələyə o qədər aludə oldular ki, özlərinin partiyadaxili işlərinə diqqət yetirmədilər. Partiyaları elə yarandığı kimi qalıb.

25 il ərzində partiyalarında heç bir reform aparmayıblar. Hətta rəhbərlik səviyyəsində də dəyişiklik olmayıb. Müsavat Partiyasında baxmayaraq ki, İsa Qəmbər başqan deyil, amma yenə də o, partiyaya rəhbərlik edir. Bu, ondan xəbər verir ki, həmin partiyalarda demokratik mühit yoxdur. Demokratiya olsa idi, bu vəziyyətə düşməzdilər. Onlar cəmiyyətə yeni təşəbbüslər verə bilmirlər. Nəticəsi də olaraq seçkilərdə uduza-uduza bu günə gəliblər. Seçkidə uduzan partiyanın da sonu fiaskodur. Həmin partiyalar artıq qohumlar partiyasıdır. Hətta partiyanın yaranmasında rolu olanlar oranı tərk edirlər".

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı bildirdi ki, xalq arasında müxalifətin radikal qanadının etimad limiti tükənib: "Hansı məsələnin üzərindən manipulyasiya etmələrinə baxmayaraq, artıq xalq tərəfindən heç bir dəstək görmürlər. Vəziyyə bir neçə ildir belədir. Yalnız seçkilərdə, mövsümi olaraq müəyyən xarici qüvvələr onları aktivləşdirəndə hərəkətə keçirlər. Ancaq hər dəfə cəhdləri də nəticəsiz qalır. Çünki, xalqdan dəstək görməyən heç kim uğur qazana bilməz.

Zaman-zaman orada təmsil olunan şəxslər bu qüvvələrin məqsədinin heç də Azərbaycanda demokratiyaya nail olmaq olmadığını və ayrı-ayrı qüvvələrin əlində maşa kimi istifadə olunduğunun fərqinə varıblar. Bununla da oranı tərk etməyə başlayırlar. Proses davam edəcək. Azərbaycan demokratik mühit hökm sürür. Hakimiyyətin özü müxalifətin mövcudluğunda maraqlıdır. Ancaq bəziləri dövlətə müxalifətçiliklə hakimiyyətə müxalifətçiliyi səhv salırlar. Azərbaycan dövlətinin adını ləkələmək üçün bütün vasitələrdən istifayə can atırlar. Bu da obyektiv düşünə bilən vətəndaşın etirazına səbəb olur. Müxalifət partiyalarının sıralarında olan obyektiv insanlar da oradan uzaqlaşırlar.

Bu gün Azərbaycan müxalifətini monopoliyaya alan qüvvələrin müvəqqəti monopoliyası başa çatmaq üzrədir. Heç xalq yox, üzərilərindən planlar quran xarici qüvvələr də bu dairələrlə işləməyin mənasız olduğunu anlayıblar. Zaman-zaman verilən maliyyə dəstəyi kəsilmək üzrədir. Artıq radikal müxalifətin ölkənin ictimai-siyasi həyatında heç bir rolu qalmayıb. Mövcudluqlarını itirmək üzrədirlər. Həmin qüvvələrin mövcudluğunu yalnız bəzi qəzetlərə baxsaq, görə bilərik. Bundan başqa ölkənin heç bir ictimai-siyasi həyatında həmin qüvvələrin rolu görünmür. Bu mənada oradan qopmalar təbii prosesdir və davam edəcək".