Hamilə qadınlar oxusun!

18 Oktyabr 2018 17:49 (UTC+04:00)

Ümumbəşəri bəla olan siqaret aludəçiliyi və onunla əlaqədar olan bir sıra xəstəliklər dünyanın hər yerində aktual problemlər sırasındadır.

Təəssüf ki, son vaxtlar qadınlar arasında da ona meyl getdikcə artır. Qadınlarda, xüsusilə hamiləlik zamanı olduqca riskli olan siqaretçəkmə və ya siqaret tüstüsünə məruz qalma halları ağır fəsadlarla nəticələnir. Siqaret tüstüsünün tərkibində 4 minə yaxın kimyəvi maddə var. Hamilə qadına və inkişaf etməkdə olan dölün orqanizminə daha çox zərər verəni qətran buxarı - zift, nikotin və karbon monooksidi daha çox təhlükəlidir.

 

Hamiləlik zamanı ana ilə döl arasında qan dövranı göbək ciyəsi vasitəsilə həyata keçirilir. Zərərli maddələrin birbaşa dölə ötürülməsi geridönməyən fəsadlara səbəb olur, ananın yuxarı tənəffüs yolları və qan-damar sistemi başda olmaqla bütün orqanları zədələnir. Siqaret tüstüsünün tərkibində olan nikotin güclü damardaraldıcı təsir göstərdiyinə görə qan təzyiqini yüksəldir, cift qan dövranı və dölün qida maddələri ilə təchizatı pozulduğu üçün inkişafın ləngiməsinə aparıb çıxarır. Karbon monooksid qan vasitəsilə oksigen daşınmasını azaldaraq, hipoksiyaya səbəb olur və hüceyrə inkişafını ləngidir.

 

Səbəbləri

 

Tütün sindromunun əmələ gəlməsində əsasən hamiləlik vaxtı və ondan əvvəl aktiv (qadın özü siqaret çəkir) və passiv (digər şəxsin çəkdiyi siqaret tüstüsü ilə nəfəsalma) siqaretçəkmə, zavod, fabrik və avtomobillərdən havaya atılan zərərli qazların çox olduğu ərazilərdə yaşamaq mühüm əhəmiyyət kəsb edir.

 

Əlamətləri

 

Tütün sindromu zamanı qadınlarda düşük, hestozlar, hamiləliyin yarımçıq başa çatması, ciftin soyulması, cift gəlişi, doğuş zamanı qanaxma və doğuşdan sonra süd azlığı kimi hallar müşahidə edilir.

 

Körpədə tütün sindromu özünü bu kimi əlamətlərlə büruzə verir:

 

- hipoksiya, hipovitaminoz nəticəsində bətndaxili inkişafın hipotrofik ləngiməsi;

- az çəki (2500 qramdan az) ilə doğulma

- bətnxarici həyata adaptasiyanın çətinləşməsi - Polisitemik sindromun inkişafı,

- tənəffüs yollarının natamam inkişafı ilə əlaqədar Respirator distress sindromunun inkişafı;

- simpatikoadrenal sistemin oyanıqlığının artması;

- tranzitor çəki itkisi bərpasının və sarılığın uzanması;

- hüceyrə hipoksiyasını göstərən fetal hemoqlobinin və 2,3-difosfoqliseratın sintezinin uzanması;

- yenidoğulma və daha sonrakı vaxtlarda tənəffüsün pozulması;

- nikotin aclığının inkişafı - daimi ağlağanlıq, narahatlıq, dəri örtüyünün göyərməsi, təngənəfəslik, yuxusuzluq;

- çəki artımının ləngiməsi;

- infeksion xəstəliklərə və allergik reaksiyalara meyillik.

 

Yenidoğulma zamanı tütün sindromu yaşayan körpələr sonrakı inkişaf dövründə intellektual geriqalma və erkən yaşlarda siqaret çəkmə kimi hallarla tez-tez üzləşirlər.

 

Hamiləlik zamanı qəbul edilən siqaret tüstüsünün tərkibindəki maddələr anadangəlmə bir sıra inkişaf anomaliyalarına səbəb olur. Məsələn, üzdə - əsasən dodaq və sərt damaqda bitişməmə; ürəkdə - əsasən qapaq, çəpər və damarlarda; tənəffüs orqanlarında - burun və ağciyərin natamam inkişafı, bronxların stenozu; mədə-bağırsaq sistemində - qida borusunda və düz bağırsaqda atreziya kimi anomaliyalara xüsusilə tez-tez rast gəlinir.

Yenidoğulmuşun qanının ümumi analizi zamanı karboksihemoqlobinin miqdarının artması, eritrosit  və hemoqlobin çatışmazlığı və leykositlərin sayının artması ilə müşayiət olunan anemiya müşahidə edilir.

Müalicə zamanı orqanizmə siqaret tüstüsünün daxil olmasının qarşısı alınmalı, yenidoğulmuş vaxt itirmədən oksigen və temperatur rejimi ideal olan küvezə yerləşdirilməli və onlarda müşahidə edilən simptomlar aradan qaldırılmalıdır.

 

Məsləhətlər

 

- Hamiləlik zamanı aktiv siqaretçəkmədən imtina etmək;

- Siqaret tüstüsü çox olan qapalı məkanlardan uzaq olmaq;

- Təmiz havada gündəlik gəzinti;

- Balanslaşdırılmış və rasional qidalanma - qidalı maddələr və bitki lifləri ilə zəngin meyvə-tərəvəz və göyərti qidalarını rasionda artırmaq, konservantlarla zəngin, qızarmış, yağlı qidalardan imtina etmək.

- Döldə yarana biləcək hipoksiyanın qarşısını almaq və toksiki məhsulların dölə təsirini azaltmaq üçün anaya hamiləliyin II və III trimestrlərində Şəfa vitamini qəbul etmək tövsiyə olunur.

 

Mənbə: Herba Flora jurnalı