ADNSU 15 iyun Milli Qurtuluş Gününü qeyd etdi

14 İyun 2016 16:07 (UTC+04:00)

Mustafa Babanlı: "Bu günə qədər qorunub saxlanan müstəqillik, stabillik ölkədə yaşanan ən böyük xoşbəxtliyin, bayramın ifadəsidir"Mayın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 15 iyun - Milli Qurtuluş Günü qeyd olunub. Rektor, professor Mustafa Babanlı başda olmaqla professor müəllim heyətinin, tələbələrin iştirakı ilə keçirilən tədbirdə ümummilli lider Heydər Əliyevin adı və imzası ilə bağlı olan müstəqillik tariximizə xroniki nəzər salınıb. Alimlər tarixi faktlara söykənərək 15 iyunun Qurtuluş Günü kimi qeyd olunmasının mahiyyəti, dövlətin, xalqın həyatında oynadığı rolu və tarixi əhəmiyyətliliyi ətrafında təhlillər aparıblar. Rektor çıxışında 15 iyunun Azərbaycanda Qurtuluş Günü kimi qeyd olunmasının zəruriliyini əks etdirən faktlara diqqət çəkib. M.Babanlı bu günə qədər qorunub saxlanan müstəqilliyin, stabilliyin, vətəndaş həmrəyliyinin ölkədə yaşana biləcək ən böyük xoşbəxtliyin ifadəsi kimi qeyd edib. Eləcə də ümummilli liderin Azərbaycana rəhbərliyə başladığı 1969-cu il və müasir dövrümüzə qədər olan tarixi xronika yada salınıb. Eyni zamanda 90-cı illərdə ölkəmizdə baş qaldıran azadlıq hərəkatına qarşı aparılan planlı siyasət və nəticədə 20 yanvar hadisəsinin törədilməsi, xalqın azadlıq mücadiləsinin qarşısının alınması üçün Qarabağ münaqişəsinin alovlandırılması çıxışlarda yer alıb. O da qeyd olunub ki, məhz xalqın dəstəyinə güvənərək ümummilli lider H.Əliyev bu hücumları dəfv edə bilib və ölkənin bu günki inkişafına nail olub. 

Rektor 1991-ci ilin oktyabr ayında Azərbaycanın müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranının yaranmasına diqqət çəkib. Bildirib ki, o vaxtlar ictimai həyatın bütün sahələrində xaos, hərc-mərclik baş alıb gedib, orduda vəziyyət ağırlaşıb, erməni təcavüzü gündən-günə güclənib, Azərbaycanda hakimiyyət boşluğu yaranıb. Gənc respublikada rəhbərliyə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında mübarizə gedib. Məhz vətənin belə ağır günündə xalq Naxçıvandan Azərbaycanın görkəmli oğlu H.Əliyevi Bakıya dəvət edib. H.Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib. 1993-cü il iyunun 15-də H.Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Beləliklə, 15 iyun tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan edib. H.Əliyev çox qısa zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bilib. 

Bildirilib ki, H.Əliyevin həyata keçirdiyi tədbirlərin nəticəsi kimi, bir tərəfdən Milli Ordunun formalaşdırılması, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atılıb. 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsinin imzalanması və onun gerçəkləşdirilməsi də H.Əliyev tərəfindən işlənib hazırlanıb. H.Əliyev taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. Bütün mənalı həyatını öz xalqına bəxş edən H.Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxıb.

İctimai fənlər kafedrasının müdiri Camal Mustafayev Azərbaycana qarşı yönələn rus siyasəti, eləcə də 1992-ci ilin mayın 14-də hakimiyyətə gələn Xalq Cəbhəsinin ilk gündən özünün qeyri-sağlam fəaliyyəti ilə ölkəni idarə edə bilməyəcəyini göstərən faktlara diqqət çəkib. bildirib ki, 1993-cü ilin yayında Azərbaycanda vətəndaş müharibəsi təhlükəsi yarandı. H.Əliyevin rəhbərliyi altında aparılmış son dərəcə gərgin fəaliyyət nəticəsində Azərbaycan xalqının taleyi ilə pərdəarxası oyunlara son qoyulub, ölkədə cinayətkarlığın qarşısı alınıb, bütün qanunsuz silahlı dəstələr ləğv olunub. Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin qarşısı H.Əliyevin qətiyyəti sayəsində alınıb, dövlət müstəqilliyi qorunub saxlanıb. Onun apardığı daxili siyasət Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanları yaratmaqdan ibarət olub. H.Əliyevin rəhbərliyi altında Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başlayıb. Onun fəal diplomatiyası nəticəsində Azərbaycan dünyanın demokratik dövlətlərinin və aparıcı ictimai təşkilatlarının ölkəmizə, onun zorla cəlb olunduğu silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail ola bilib. 

Çıxışçılar bu mənada 15 iyunu Azərbaycanın xilas və qurtuluş günü kimi qeyd olunmasının məntiqi əsasını qeyd ediblər. Rektor Milli Qurtuluş Günü münasibəti ilə ADNSU-nun əməkdaş və tələbələrini, eləcə də Azərbaycan xalqını təbrik edib.