İsmayıllıda selin fəsadları aradan qaldırılır

14 İyun 2016 17:40 (UTC+04:00)

İsmayıllı rayonunda selin yaratdığı fəsadlar aradan qaldırılır.


Movqe.az xəbər verir ki, Enişdibi kəndində 35 kilovoltluq elektrik xəttində metal anker-dayağın sel sularının təsirindən aşması nəticəsində elektrik enerjisinin verilişi dayandırılan 15 kəndin enerji təchizatı bərpa olunub.


Talış qazpaylayıcı stansiyasından 11 kəndi qazla təchiz edən daşıyıcı kəmərin bərpası işləri hələ davam etdirilir. Artıq bir neçə kənd qazla təmin olunub.


Qaraməryəm-İsmayıllı yolunun kənarlarında sel sularının gətirdiyi daş, çınqıl, ağac kötükləri və zibillərin təmizlənməsi üçün ərazidə İsmayıllı rayon 7 saylı Avtomobil Yollarını Yaşıllaşdırma idarəsinin işçi qüvvəsi çalışır.


İsmayıllının Qarakolluq, Kürdmaşı kəndlərində dağılan körpülərin kənarında alternativ yollar salınıb, əhalinin rayon mərkəzi ilə avtomobil əlaqəsi təmin edilib.


İsmayıllı rayon Fövqəladə hallar komissiyası tərəfindən nəzarətə götürülən bir çox mənzillərdə də artıq təmir işlərinə başlanılsa da, fərdi yaşayış evlərinin sığortaları olmadığından çətinliklər yaranır./trend/