Bu gün 350 məhbus azadlığa qovuşdu (YENİLƏNİB)
15 İyun 2016 17:20 (UTC+04:00)
Təfərrüatlar əlavə olunub (ilk xəbər
saat 15:30-da yayılıb)
Amnistiya aktı bu gün 350 məhbusa
şamil edilib.
Movqe.az bildirir ki, Bu barədə Baş
Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Onlardan 216-sı Bakı şəhəri, 134-ü
isə ölkənin digər yerlərindəki cəzaçəkmə müəssisələrindən azad
edilib. Azadlığa buraxılan 350 nəfərdən 9-u
qadındır.
Amnistiya aktının icrası
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanovanın,
Milli Preventiv Qrupun üzvlərinin, Ədliyyə Nazirliyinin, Bakı şəhər
prokurorluğunun məsul əməkdaşlarının, Azərbaycan Respublikasının
Prezidenti yanında Əfv Məsələləri Komissiyası, İctimai Komitə,
qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri
nümayəndələrinin, habelə məhkum yaxınlarının iştirakı ilə həyata
keçirilib.
Amnistiya aktının icrası davam
edir.
Qeyd edək ki, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın
təşəbbüsü ilə Milli Məclisin mayın 20-də keçirilən iclasında
amnistiya aktı qəbul edilib.
Amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən
cinayətlərə görə məhkum edilmiş bütün şəxlər, bir sıra az ağır
cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18
yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində
yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil
ovladı olan, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün
qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin
bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi
köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan
məhrumetmə cəzasından azad ediləcəklər.
İyunun 15-dən etibarən amnistiya aktının icrasına
başlanılıb./Trend/