"Formula-1" Avropa Qran-prisinin başlanmasına iki gün qalıb.
Artıq yarışın pilotları ölkəmizə gəlirlər.
Movqe.az Trend-ə istinadən
xəbər verir ki, iyunun 15-də "Formula-1" üzrə ikiqat dünya
çempionu, "McLaren Honda" komandasının heyətində yarışan və Avropa
Qran-prisinin rəsmi elçisi Fernando
Alonso "Azərilmə" Məhdud Məsuliyyətli Cəmiyyətin
"Sehirli ilmələr" qalereyasında olub.
Qonaq "Azərilmə"nin nadir Azərbaycan xalçalarından və
məmulatlarından ibarət sərgiyə baxıb. Yüksək keyfiyyəti və
naxışlarının zənginliyi ilə seçilən Azərbaycan xalçaları indi də
dünyanın bir çox muzeylərinin ən nadir eksponatlarından
sayılır.
Bildirilib ki, xalçaçılıq Azərbaycan xalqının ən qədim
sənətlərindən biridir.
Xalça sexi ilə tanış olan qonaq xalça toxunması prosesi ilə
maraqlanıb, qalereyanın zəngin eksponatları ilə tanış
olub.
Sonra Heydər Əliyev Mərkəzinə gələn Fernando Alonsoya dünya
memarlığının nadir incilərindən sayılan Mərkəz haqqında məlumat
verilib. Qeyd olunub ki, Mərkəzin fəaliyyəti Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin,
azərbaycançılıq ideologiyasının və Ulu Öndərin irsinin dərindən
öyrənilməsinə və tədqiq edilməsinə yönəlib. Bundan əlavə, Mərkəzin
həyata keçirdiyi layihələr Azərbaycan tarixinin, dilinin,
mədəniyyətinin və digər milli sərvətlərin beynəlxalq aləmdə
populyarlaşdırılmasına və təbliğinə, elmin, təhsilin, mədəniyyətin,
səhiyyənin, idmanın, ekologiyanın və iqtisadiyyatın müxtəlif
sahələrinin dəstəklənməsinə və inkişafına xidmət edir.
Qeyd olunub ki, dünya şöhrətli memar Zaha Hadidin layihəsi əsasında
inşa edilmiş Mərkəz dünya memarlıq inciləri siyahısına daxil
olunub. Burada rəsmi qəbullar, beynəlxalq konfranslar, iclaslar və
digər tədbirlərin keçirilməsi üçün hər cür şərait
yaradılıb.
Qonaq Mərkəzin xatirə kitabına ürək sözlərini yazıb. Fernando
Alonsoya xatirə hədiyyələri təqdim olunub.
Sonra pilot Mərkəzdə fəaliyyət göstərən klassik avtomobil sərgisi
ilə tanış olub.
Fernando Alonso Dənizkənarı Milli Parka gələrək burada fanatları
ilə birgə velosiped sürüb.