Azərbaycanda nə qədər işsiz var?

16 İyun 2016 11:30 (UTC+04:00)

2016-cı ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrünə nisbətən 7,8 faiz artaraq 487,5 manat təşkil edib. 


Dovlət Statistika Komitəsindən Movqe.az-a verdiyi məlumata görə, əmək haqqı neft sektorunda 2831,8 manat, qeyri-neft sektorunda 431,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 364,7 manat, özəl müəssisələrdə çalışan işçilərin əmək haqları isə 667,2 manat olub.


Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2016-cı il mayın 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azalaraq 7685,0 milyon manat təşkil edib. Əmanətlərin 81,7 faizi xarici, 18,3 faizi isə milli valyutada qoyulub. Əmənətlərin 77,3 faizi əhali tərəfindən özəl banklarda yerləşdirilib.


2016-cı il iyun ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 34,0 min nəfər olub, onların 37,8 faizini qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 250,1 manat olub.


2016-cı ilin may ayında qeyri-ərzaq məhsullarının qiymətləri aprel ayına nisbətən 0,3 faiz, yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 15,3 faiz bahalaşıb.


2016-cı ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatlarının qiymətləri aprel ayına nisbətən 0,7 faiz ucuzlaşıb, yanvar-may aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən isə 11,9 faiz bahalaşıb.