Qıza görə keçmiş polis əməkdaşını güllələyən şəxsə hökm oxundu

16 İyun 2016 16:17 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qız üstündə keçmiş polis əməkdaşını öldürməkdə təqsirləndirilən Rövşən Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Rövşən Həsənov 11 il müddətə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, ötən proses dövlət ittihamçısı Rövşən Həsənovun 16 il müddətinə azadlıqdan məhrun edilməsini istəmişdi.

Qeyd edək ki, hadisə ötən ilin avqustun 28-də Nizami rayonu, Məhsəti küçəsində yerləşən "Şuşa" restoranında baş verib. Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Rövşən Həsənov aralarında yaranan münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Nadir İbrahimovu tapançadan atəş açmaqla öldürüb. Daha sonra Rövşən Həsənov idarə etdiyi "Lexus" markalı 90 SF 333 dövlət nömrə nişanlı avtomobillə hadisə yerindən qaçıb.

Bu zaman o, idarə etdiyi maşını Rəşad Məmmədovun idarə etdiyi "Toyota" markalı avtomobilə çırpıb. Nəticədə Rəşad Məmmədov xəsarətlə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Rövşən Həsənov saxlanılıb.

Qətlə yetirilən Nadir İbrahimov keçmiş polis əməkdaşı olub. Saxlanılan Rövşən Həsənovun üzərindən "Makarov" tipli tapança götürülüb. Məlum olub ki, Rövşən Həsənov Nadir İbrahimovu qız üstündə güllələyib. "Şuşa" kafesində Rövşən Həsənovla bərabər olan qadının mobil telefonuna zəng gəlib. Telefonu Rövşən Həsənov açıb. Kişi səsi eşidən Rövşən Həsənov qəzəblənib və kimin zəng etdiyi ilə maraqlanıb.

Bundan sonra o, Nadir İbrahimovu söhbətə çağırıb. Nadir İbrahimov isə "Şuşa" restoranında olduğunu bildirib və onu gözlədiyini deyib. Üzərində silah olan Rövşən Həsənov Nadir İbrahimovun olduğu otağa girib və onu güllələyib. Bildirilir ki, Rövşən Həsənov bütün "darağı" Nadir İbrahimovun bədəninin müxtəlif nahiyələrinə boşaldıb.

Təqsirləndirilən Rövşən Həsənov Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Məhkəmə-kimya şöbəsinin rəisi Qalib Həsənovun oğludur. Hadisədən sonra Q.Həsənovun vəzifəsindən çıxarılması barədə məlumat yayılıb.