Cəbhədə hərb və ya sülh olacağına Sankt-Peterburqda aydınlıq gətiriləcək

18 İyun 2016 07:00 (UTC+04:00)

"Karnegi" fondunun Mərkəzi Asiya və Cənubi Qafqaz üzrə eksperti Tomas de Vaal bu günlərdə yazdığı məqalədə iyunun 20-də Sankt-Peterburqda baş tutacaq Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünə toxunaraq bildirib ki, regionda vəziyyət xeyli dərəcədə gərgindir. O münaqişənin gələcəyi haqqında proqnoz verməyin də çətin olduğunu söyləyib. Məqaləsində Tomas de Vall onu da vurğulayıb ki, münaqişə ətrafında ya yeni siyasi proses başlayacaq, ya da genişmiqyaslı müharibə olacaq: "Bir şey faktdır ki, yeni müharibəni dayandırmaq daha çətin olacaq. Danışıqların növbəti mərhələsi haqda razılıq əldə olunsa da, Qarabağda yeni müharibənin alovlanma risqi böyükdür. Münaqişənin həlli üçün güclü beynəlxalq razılaşmanın olması vacibdir. Lakin tərəflər arasında yeganə sənəd 1994-cü ildə imzalanmış atəşkəs sazişidir" Beləliklə, Tomas de Vaal bu açıqlamada münaqişə ətrafında vəziyyətin heç də stabil olmadığını bildirərək, hərbi əməliyyatların yenidən, özü də daha aktiv fazada başlama ehtimalının yüksək olduğuna işarə vurub. Xatırladaq ki, aprelin əvvəlində baş verən 4 günlük döyüşlərdən sonra Moskvada tərəflər atəşkəsə razılıq verdilər. Ardınca Vyanada tərəflər arasında görüş baş tutdu. İndi isə iyunun 20-də Sankt-Peterburqda Bakı, İrəvan və Moskva arasında üçtərəfli görüş keçiriləcək. Hansı ki, ekspertlər bu görüşə ya konfliktin çözülməsi istiqamətində əsası dönüşün başlanması, ya da nəticə hasil olunmadığı təqdirdə gərginliyin yenidən alovlana biləcəyi məqam kimi baxırlar.

Milli Məclisin deputatı Elman Məmmədov bildirdi ki, danışıqlarda nəticə hasil olmasa, müharibənin yenidən alovlanması qaçılmazdır: "Arzu olunandır ki, prezidentlərin Sankt-Peterburqda olacaq iyun görüşü yaxşı nəticələrlə başa çatsın. Yəni, həmsədr dövlətlər və onların müdafiə etdiyi işğalçı Ermənistan ağıllı hərəkət edərək işğalçı qoşunların Azərbaycan dövlətinin ərazisindən çıxmasını reallaşdırmalıdır. Belə olmayan tərzdə Ermənistan tərəfi yenə də özünün sərsəm bəyanatları, şərtlərilə çıxış etməkdə davam edərsə və həmsədr dövlətlər də zurnaçının züy tutanı kimi züy tutaraq ədalətsiz mövqedə durmaqda davam etsə, təbii ki, Azərbaycan torpaqlarını danışıqlar yolu ilə yox, güc tətbiq etməklə azad etmək məcburiyyətində qalacaq. Bu, Azərbaycanın bütün beynəlxalq hüquq normalarına uyğun hüququdur. Ölkəmiz bu istiqamətdə səlahiyyətlidir və buna görə heç kimdən nə icazə alası, nə də məsləhətləşəsi deyil. Bu Azərbaycanın ədalətli bir addımı olacaqdır.

Bunun olmaması üçün həmsədr dövlətlər ortaya iradə qoymalıdırlar. Uzun illərdir ki, Rusiya, Fransa və ABŞ-dan ibarət həmsədr dövlətlər hər iki münaqişətərəfinin iradə ortaya qoymasını istəyir. Əslində isə, həmsədr dövlətlərin özləri ortaya iradə qoyub 20 ildən çoxdur arxasında durduqları işğalçıdan tələb etməlidir ki, işğal etdiyi torpaqlardan çıxsın. Bunun başqa yolu yoxdur. Belə olmayan tərzdə təbii ki, hər şeyi gözləmək olar. Müharibəni də gözləmək olar və müharibə başlasa, güclü Azərbaycanın tam olaraq qələbə çalacağına əminik. Torpaqlarımız tamamilə erməni işğalından azad olunacaq. Hamı bilir ki, müharibə qandır, ölüm-itimdir. Heç kim istəməz müharibə olsun. Ancaq torpaq üçün ölümə də hazır olmaq lazımdır. Azərbaycan da buna hazırdır. Çünki ölkəmizin qarşısında bir məqsəd var, torpaqların işğaldan azad edilməsi. Kim nə deyir desin, bu, məlum bir həqiqətdir. Torpaqların işğaldan azad olunması üçün Azərbaycan istənilən varianta əl atacaq".

Politoloq Elşən Manafov isə Sankt-Peterrburq görüşünə daha çox optimist ruhda yanaşaraq güman edir ki, burada ciddi irəliləyişlərin olacağını gözləmək olar. Bu əsasda da onun qənaətincə, müharibənin yenidən alovlanmasına ehtiyac qalmayacaq: "Əlbəttə ki, hərbi əməliyyatların bərpa olunması torpaqları işğal altında olan Azərbaycanın konstitusion hüququdur. BMT-nin qəbul olunmuş müvafiq qətnamələrinə uyğun olaraq da işğal altında olan torpaqların müharibə yolu ilə azad edilməsi Azərbaycan dövləti və xalqının müstəsna hüququdur. Amma məsələ ondadır ki, dünya gücləri, o cümlədən ATƏT ölkələri daha çox bölgə ilə bağlı geosiyasi maraqlarını əsas gətirməklə münaqişənin müharibə yolu ilə deyil, sülh danışıqları ilə aradan qaldırılmasında maraqlıdırlar.

Məsələ ondadır ki, son hərbi əməliyyatlardan sonra atəşkəsin əldə olunması ilə bağlı qərar məhz Rusiyanın təşəbbüsü nəticəsində baş verdi. Bu dəfə prezidentlərin məlum görüşü də Sankt-Peterburqda İstisadi Forum çərçivəsində baş tutmalıdır. Həmin forumla bağlı ekspertlərin diqqətini cəlb edən maraqlı məqam odur ki, Rusiya ATƏT-in Minsk qrupunda təmsil olunan dövlətlərdən biri olaraq bu görüşə digər həmsədr ölkələri dəvət etməyib. Yəni, ABŞ və Fransanı təmsil edən diplomatlar bu görüşdə iştirak etməyəcək. Bu, sülh prosesinin getdiyi illər ərzində yeganə haldır ki, ATƏT-in Minsk qrupunda təmsil olunan digər dövlətlər danışıqlara dəvət olunmur. Belə hal Rusiyanın Qərbə bir mesajı kimi də qəbul oluna bilər. Onsuz da Almaniya kansleri Angela Merkel Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə demişdi ki, danışıqlarda və problemin həllində həlledici tərəf Rusiyadır.

Hələ 2011-ci ildə münaqişənin tənzimlənməsilə bağlı Kazan sammitində prinsiplər müəyyən edildi ki, o da Madrid prinsiplərinin yeniləşmiş variantı hesab olunur. Güman edirəm ki, Rusiyanın təşəbbüsü ilə baş tutan bu danışıqlarda problemin həlli istiqamətində ciddi bir addım, qərar qəbul oluna bilər. Rusiya artıq status-kvonun pozulmasında maraqlı tərəf təsiri bağışlamır. Onlar da anlayır ki, Azərbaycan artıq mövcud vəziyyətlə barışmayacaq. Məhz bu anlamdan çıxış edərək Kreml hərbi əməliyyatların bərpa olunmasına yol verməmək üçün Ermənistana təsirlərini gücləndirməlidir. Ermənistanın Rusiyanın forpostu olduğunu nəzərə alaraq güman edirəm ki, Moskvanın təsiri ilə problemin həlli istiqamətində ciddi qərarların qəbul olunacağını da istisna etmək lazım deyil".