İran Azərbaycana qarşı yenə ayrı-seçkiliyə yol verdi

18 İyun 2016 08:00 (UTC+04:00)

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin Qarabağ münaqişəsi Fələstin məsələsini müqayisə edib və onların bir-birinə bənzəmədiyini deyib. O bildirib ki, Fələstin və Qarabağ məsələsi tamamilə fərqlidir: "Bu iki münaqişəsini müqayisə etmək düzgün deyil. Qarabağ münaqişəsi Fələstin münaqişəsinə bənzəmir. İsrail rejiminin orada törətdiyi qırğınlar və insanlara verilən zülmlər Qarabağda baş verən hadisələrlə müqayisəolunmaz dərəcədədir".

İran rəsmisinin Qarabağda törədilən vəhşilikləri görməzdən gəlməsini siyasi şərhçilər müxtəlif rakursdan qiymətləndirirlər. İran məsələləri üzrə siyasi şərhçi Sədrəddin Soltanın sözlərinə görə, İran rəsmisinin bu açıqlamalarını adi qarşılamaq lazımdır: "Fələstin İranın ümumi siyasi-ideoloji məsələsidir. Elə şah dövründə də İran hakimiyyəti Fələstin məsələsindən istifadə edirdi. Çünki, Fələstin məsələsi İranın Orta Şərqdəki özünüifadəsinin əsas elementlərindəndir.

İran bütün dövrlərdə Fələstin amilindən istifadə edib. Çünki, İran bölgədəki aparıcı qüvvə kimi təqdim olunur. Özünü bölgənin aparıcı qüvələrindən biri kimi göstərir. Eyni zamanda İran Fələstin məsələsi vasitəsi ilə bölgədə hegemonluq etmək niyyətindədir. Bu baxımdan Fələstin məsələsi İran hakimiyyəti üçün siyasi alətdir. Qarabağın işğalı məsələsinə gəldikdə isə İran 1990-cı illərdən bu günə qədər işğalçıya hərtərəfli yardım edib. Yəni, işğalçı dövlətin ayaq üstə durmasında İran hakimiyyətinin əvəzsiz rolu var. Elə Ermənistanda rəsmilər də bəyan edirlər ki, İran olmasa idi, Ermənistan da qalmazdı. Bu baxımdan İran Dağlıq Qarabağ məsələsinə Fələstin məsələsi kimi yanaşmır".

Politoloq əlavə etdi ki, müqayisənin özündə boşluq var: "Bu məsələlərin eyniləşdirilməsi siyasi kontekstdə yersizdir. Çünki, Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Bu, Azərbaycanın ərazi bütövlüyü məsələsidir. Fələstin məsələsi isə Fələstinin müstəqilliyi və dövlət olması məsələsidir. Çünki, Fələstinin dövlət olması BMT tərəfindən 1948-ci ildə ortaya qoyulub və ondan sonra dövlət kimi tanınıb. Münaqişələrin müqayisəsi qüsurludur. Məsələyə müsəlmanlara edilən zülm baxımdan yanaşdıqda da İran səfiri qüsura yol verib. Özünü dünyada müsəlmanların müdafiəçisi adlandıran hakimiyyətin təmsilçisinin müsəlmanların qırılmasına fərq qoyması insanlıqdan uzaqdır. İslamda qeyd olunur ki, bir insanın öldürülməsi insanlığın öldürülməsidir. Bu hadisələr qətldir və qətl kimi də qiymətləndirilməlidir. Əks yanaşma isə ayrı-seçkilikdir. Bütün hallarda qətlə məruz qalan müsəlmandır. Həm Qarabağda, həm də Fələstində müsəlmanların qırılması faktı pislənilməlidir".

Sabiq millət vəkili Sabir Rüstəmxanlı bildirir ki, bu, İranın uzu illərdir, davam edən ermənipərəst mövqeyidir: "Vaxtı ilə İranın xarici işlər naziri deyirdi ki, ermənilər bizim qan qardaşımızdır. Yəni, fars qohumluğunu bütün İrana aid edirdi. İran illər boyu Ermənistana dəstək verib.. Buna görə də səfirin mövqeyi qətiyyən təəccüblü deyil.

İran hər dəfə Azərbaycana vəzifəsinə uyğun olmayan səfir göndərirlər. Onlar da Azərbaycan-İran münasibətini yaxşılaşdırmaq əvəzinə korlamağa çalışırlar. Halbuki, son illər İran-Azərbaycan münasibətləri xeyli inkişaf edib. Amma bu cür bəyanatlar münasibətləri korlayır. Unutmayaq ki, ermənilərin törətdikləri cianyətlər daha ağırdır. İsrail soyqırım törətməyib. Yəhudilərin özləri soyqrıma məruz qalmış bir xalqdır. Ermənilərin vəhşiliyini yəhudilərin torpaq iddiası ilə müqayisə etmək olmaz. Nəzərə alaq ki, əvvəllər yəhudilərin orada vətənləri olub, orada yaşayıblar. Ancaq ermənilər heç vaxt Qafqazda yaşamayıb. Sonradan gəlib və öz ərazilərini genişləndirməklə məşğuldurlar".