Valyuta ehtiyatlarımızda qızıl rezervlərinin artırılması zəruri sayıldı

18 İyun 2016 09:30 (UTC+04:00)

Son zamanlar xarici valyutaların kursunun durmadan dəyişməsi halları müşahidə olunur. Belə vəziyyətdə əksər ölkələr valyuta ehtiyatlarında qızılın miqdarını artırmaq yolunu tutub. Bu da əsasən risqlərdən qorunmağa hesablanıb. Azərbaycanda da görəsən, anoloji addımlar atılmalıdırmı?

İqtisadçı-ekspert Yaşar Əsədov bu addımın atılmasının Azərbaycan üçün indiki şəraitdə müəyyən qədər risqli olduğunu düşünür: "Azərbaycanın xarici ticarət dövriyyəsində müsbət saldo mövcuddursa, sərbəst kapitalı yaranırsa, təbii ki, onu hansısa bir formada qızıl valyuta ehtiyatları formasında saxlamaq lazımdır. Bütün hallarda ölkəmizin də valyuta ehtiyatlarında qızılın çəkisini artırması maliyyə kapitanlarının siyasətindən asılı olan haldır.

Son dövrlər qızılın qiyməti bahalaşmağa başlayıb. Buna baxmayaraq, valyuta ehtiyatlarında qızılın çəkisini artırmaq istiqamətində Azərbaycanın birmənalı seçim etməsi çox çətindir. Çünki aydın məsələdir ki, neftin və qızılın dünya bazarındakı hazırkı qiymətləri möhtəkirlik oyunlarının nəticəsidir. Bildiyiniz kimi, qızılın gündəlik qiyməti əsas etibarı ilə "Rotşildlər" bankı tərəfindən müəyyən olunur. Yəni bu bazarda alıcı ilə satıcı arasında müəyyən olunan bazar qiyməti deyil. Qızılın qiyməti 5 bankın iştirakı ilə "Rotşildlər" bankının keçirdiyi iclasda gündə iki dəfə təyin olunur.

Bu mənada hazırda valyutaların kursunun durmadan dəyişməsi fonunda ehtiyatları əsasən qızıla çevirmək də risqlidir. Adətən yaxın, orta və uzaq müddətli perspektivlər olur. Bu mənada ola bilsin, yaxınmüddətli perspektivdə valyuta ehtiyatlarında qızılın çəkisinin artırılması sərfəli olardı. Lakin qiymətlər aşağı düşən kimi qızılı satmaq lazımdır. Amma eyni sözləri orta və uzun müddətli perspektivlər üçün söyləmək çətindir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyevin fikrincə, Azərbaycanda valyuta ehtiyatlarında qızılın pay göstəricisini artırmalı, ancaq bu göstərici 15 faizi keçməməlidir: "Heç də tam demək olmaz ki, bütün ölkələr indiki halda valyuta ehtiyatlarında qızılın payını artırır. Qızılın payını daha çox inkişaf etməkdə olan ölkələr artırır. Məsələn, Rusiya, Qazaxıstan, Hindistan bu yolu tutub. Amma inkişaf etmiş ölkələr əksinə öz valyuta ehtiyatlarındakı qızılı satmaqla məşğuldurlar. Kanada özünün qızıl ehtiyatını demək olar tamamilə satıb. Almaniya da bu addımı atmağa başlayıb. Yəni valyuta ehtiyatlarında qızılın payının artırılması istiqamətində dünya ölkələri arasında birmənalı tendensiya yoxdur.

İnkişaf etmiş ölkələrin valyuta ehtiyatlarında qızılın payı 40-50 faizdən çoxdur. Bəzi ölkələrdə hətta 70 faizə çatır. Azərbaycanın valyuta ehtiyatında qızılın payı isə 5 faizdən də aşağıdır. İndi qiyməti aşağı düşsə də, perspektivdə qızılın qiymətinin bahalaşma ehtimalı da mövcuddur. Məsələ ondadır ki, qızıl nağd puldan fərqli olaraq likvid vəsait hesab olunmur. Qızıldan istifadə etmək üçün o satışa çıxarılmalıdır. Bütün hallarda valyuta ehtiyatımızda qızılın payının artırılmasını dəstəkləyirəm. Ancaq bu pay həddən çox artırılmamalıdır, bu artım15-20 faizdən çox olmamalıdır. Mərkəzi Bankın valyuta ehtiyatı 4 milyard dollardır. Neft Fondunun isə 33 milyarda qədər vəsaiti var. Ona görə də indiki böhran dövründə qızılın payını kəskin artırmaq risqlidir. Neftin qiyməti yüksək olanda bu məsələdə risq amili çox aşağı olub. İndi isə bunu deyə bilmərik".