Cəbhəboyu rayonlarda 3 ədəd PHS tapılıb (FOTO)

20 İyun 2016 09:36 (UTC+04:00)

Azərbaycanın cəbhəboyu rayonlarında 3 ədəd partlamamış hərbi sursat aşkar olunub.


Bu barədə Movqe.az-a Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) bildiriblər.


Tərtər rayonu


Cəmilli kəndi – Su kanalının yaxınlığında 4 partlayış yerinə baxış keçirilmiş, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülmüş, nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılmışdır.


Şıxarx kəndi – 2 ev və həyətyanı sahədə 2 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarı ilə 13 000 kv. m ərazi yoxlanılmışdır.


Ağdam rayonu


Mahrızlı kəndi – 1 ev və həyətyanı sahə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilmiş, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilməmiş, nəticə etibarı ilə 9 500 kv. m ərazi yoxlanılmışdır.


Füzuli rayonu


Horadiz kəndi – 4 əkin sahəsində 4 partlayış yerinə baxış keçirilmiş, partlamamış hərbi sursat aşkar edilməmiş, nəticə etibarı ilə 3 070 kv. m ərazi yoxlanılmışdır.


19 İyun tarixində 3 ev və həyətyanı sahə, 5 əkin sahəsi, Su kanalı, 13 partlayış yeri, 3 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar olunaraq götürülmüş və gün ərzində 31 570 kv. m ərazi təmizlənmişdir.


Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 19 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilmiş, 1 539 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmişdir.


Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.