Məktəbli formalarının qiyməti bahalaşdı - Eksklüziv

20 İyun 2016 11:12 (UTC+04:00)

"Bakı Tikiş Evi"nin (BTE) tikdiyi məktəbli formasının qiyməti 8, 5 faiz bahalaşıb. Bu məlumatı Movqe.az-a eksklüziv olaraq BTE-nin satış şöbəsinin rəisi Etibar Əzimov verib. E. Əzimov bildirib ki, əvvəl aşağı siniflər üçün məktəbli forması dəstinin qiyməti 26 ölçüdən 44 ölçüyədək 34 manat idi: "İndi aşağı siniflərə məktəbli forması üçün yeni qiymət müəyyənləşib. 26 ölçüdən 44 ölçüyədək məktəbli forması dəstinin qiyməti 34 manatdan 37  manatadək bahalaşıb. Yuxarı sinif şagirdləri üçün isə əvvəl 32-54 ölçüyədək qiymət 43 manat idi. İndi 32-54 ölçüyədək qiymət 46 manatadək artıb. Qeyd edim ki, bu qiymətə məktəbli forması dəstinə pencək şalvar və ya pencək ətək daxildir. Köynəklərin qiyməti isə ölçüdən asılı olamayaraq 7 manat, jiletlər 6 manata satılacaq".  

E. Əzimov məktəbli formalarının ilboyu satışda olduğunu söylədi. Onun sözlərinə görə, məktəbli formasının BTE-nin paytaxtda, eləcə də, Abşeron rayonunda, Xırdalanda, Saray və Mehdiabad qəsəbəsində, Sumqayıtdakı mağazalarda yeni qiymətlərlə satışına başlanılıb. E. Əzimov bildirdi ki,  məktəbli formasının satışında qiymət artımına yol verilərsə, alıcılar BTE-nin 597-45-39 saylı qaynar xətə zəng edib məlumat verə bilərlər.