Kollektor şirkətlərinin yol verdiyi əsas qanun pozuntuları açıqlandı

21 İyun 2016 09:00 (UTC+04:00)

Artıq banklar problemli kreditlərdən yaxa qurtarmaq üçün yeni metodlardan istifadə etməyə başlayıblar. Belə ki, önəcədən kredit borcuna görə bankdan gələn zənglər indi hansısa şirkətdən gəlməyə başlayıb. Zəng edəndə də bildirirlər ki, bank həmin kreditlərin qaytarılmasını onlara həvalə edib.

Ekspertlər bildirirlər ki, belə bir təcrübə Azərbaycan üçün yeni olsa da, bir çox ölkələrdə artıq tətbiq olunur. Ancaq bank problemli kredit portfelinin hansısa hissəsini başqa bir şirkətə satırsa, bu zaman mütləq müştəriyə bu barədə məlumat verilməlidir. Əks təqdirdə, borclu ödənişi kollektor şirkətinə yox, bankın özünə ödəmək hüququna sahibdir. Bundan başqa, borclu ona zəng edən şirkətdən bankın həqiqətən səlahiyyətlərini ona verdiyini əks etdirən bütün sənədləri tələb etməlidir. Hüquqşünaslar bildirirlər ki, problemli kreditin həvalə olunduğu şirkətin müştəri ilə davranışı da yenə eyni qanuverciliklə tənzimlənir. Yəni, bu şirkətlərin qaldırdığı tələblər də banklarıa verilən səlahiyyətlər çərçivəsini aşa bilməz. Yəni, heç bir halda kollektor şirkət müştəriyə qarşı təziq və hədə üslubunda danışa bilməz.

İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov bildirir ki, prinsipcə, kredit borcunun qaytarılmasının kollektor şirkətinə həvalə edilməsi qanunsuz əməl deyil: "Amma kollektor şirkəti vətəndaşa zəng vurursa, vətəndaş onlarla danışmaqdan boyun qaçıra bilər. Nəzərə alaq ki, bank-kredit məsələləri bank sirridir. Buna görə də banklar kollektor şirkətinə yalnız o halda müraciət edə bilər ki, vətəndaşı məhkəməyə veriblər. Çünki, məhkəməyə müraciət etmədən borcun alınması prosesini kollektor şirkətinə həvalə edilməsi bank sirrinin pozulmasıdır. Yəni, əgər bank borcun ödənilməsini kollektor şirkətinə vətəndaşı məhkəməyə verməmişdən əvvəl həvalə edibsə, bu qanunsuzdur. Buna görə də kollektor şirkəti vətəndaşa zəng etməli deyil. Sadəcə, iş məhkəməyə verilməlidir".

Hüquqşünas əlavə etdi ki, kollektor şirkəti zəng vurduğu halda vətəndaşın onunla danışmamaq hüququ var: "Hətta bank sirrinin pozulmasına görə vətəndaş banka qarşı məhkəməyə iddiası qaldıra bilər. Ümumiyyətlə, vətəndaş kənar şəxslə danışmamalıdır. Kollektor şirkəti yalnız məhkəmədən sonra bu prosesə qoşula bilər. Əgər bank vətəndaşı məhkəməyə verirsə, kollektor şirkətinin etibarnamə əsasında bankı məhkəmədə təmsil etməsi mümkündür. Məhkəmədə isə proseslər açıq gedir. Buna görə də bank sirri itir. Lakin məhkəmə qədər bank sirri hesab olunur".

İqtisadi məsələlər üzrə digər hüquqşünas Eldar Qocayev da ilk olaraq qeyd etdi ki, kollektor fəaliyyəti qeyri-leqal fəaliyyət hesab olunmur: "Kredit qaytarılmayacağı təqdirdə bu işlə kollektor şirkətləri məşğul ola bilər. Bu təcrübə xarici ölkələrdə var. Bank öz borc hüququnu müqavilə əsasında digər təşkilata verir. Buna görə ona müəyyən qədər rüsum ödəyir. Bu da onlar arasındakı müqavilə ilə tənzimlənir. Lakin bununla bağlı vətəndaş məlumatlandırılmalıdır. Eyni zamanda problem orasındadır ki, hələlik kollektorların fəaliyyətinin necə olacağı açıq qalır. Çünki, Azərbaycanda kollektor fəaliyyətini tənzimləyən normalar yoxdur".

Eldar Qocayev da bildirdi ki, vətəndaş kollektor şirkətinə pul ödəməyə bilər: "Bunu da prosedur qaydalarla əsaslandırmalıdır. Məsələn, vətəndaş əsaslandıra bilər ki, bu, müqavilədə nəzərdə tutulmayıb. İkincisi, tələb edə bilər ki, hansı prosessual qaydalara görə, ondan kredit tələb edirlər. Bu əsaslara görə kollektor şirkətinə pul verməkdən boyun qaçıra bilər. Onu da nəzərə alaq ki, kollektor fəaliyyətini tənzimləyəcək ayrıca qanun da yoxdur".