Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyi ilə "Narkotiklərə Qarşı Təbliğat" İctimai
Birliyi tərəfindən "Region gənclərinin narkomaniya ilə mübarizədə
rolunun artırılması" layihəsi çərçivəsində Şəki və Lənkəran
şəhərlərində tədbirlər keçirilibdir. Qeyd edək ki, 3 (üç) ay
müddətində həyata keçirilməsi nəzərdə tutulan layihə əsasən iki
istiqamətdə-bu sahədə mübarizəni gücləndirəcək video-çarxın
hazırlanması və yayılması, digəri isə daha çox region gənclərinin
narkomaniya əleyhinə maariflənməsində yardımçı olacaq tədbirlərin
keçirilməsi ilə icra olunur. Layihə çərçivəsində keçirilən
tədbirlərdə şəhər icra hakimiyyətlərinin, aidiyyatı dövlət
qurumlarının (DİN, Səhiyyə, Gənclər və İdman, Təhsil nazirlikləri)
yerli şöbələrinin bu sahəyə məsul şəxsləri, Prezident yanında
QHT-rə Dövlət Dəstəyi Şurasının nümayəndəsi və KİV
əməkdaşlarıiştirak etmişlər. Çıxış edən natiqlər ölkə üzrə son 5
ildə narkotiklərdən istifadədə yaş senzinin 30-dan 17-yə düşdüyünü,
rəsmi statistikaya əsasən hətta orta məktəb şagirdləri arasında
belə bu cür neqativ hallara rast gəlindiyini təəssüf hissi ilə
bildirmişlər. Xüsusən regionlarda əhali, gənclər arasında
məlumatlılığın az olması, maarifləndirmə xarakterli tədbirlərin
məhdud çərçivədə keçirilməsi bu mübarizədə davamlılığın təmin
olunmasını əngəlləmişdir. Problemin təkcə dövlətin deyil,
eyni zamanda bütövlükdə cəmiyyətə aid olması proseslərə vətəndaş
cəmiyyətinin, geniş ictimaiyyətin də qoşulmasını zəruri edir. Bu
baxımdan QHT-in fəaliyyəti, onların aidiyyatı dövlət qurumları ilə
əməkdaşlığının daha da gücləndirilməsinin vacibliyi xüsusi
vurğulanmış, bu istiqamətdə ictimai müzakirələrin təşkilini
artırmaqla aparılan maarifləndirmə, təbliğat işlərində daha müasir
forma və metodlardan, qabaqcıl təcrübə və texnolojiyadan istifadə
ön plana çəkilmişdir. Qeyd olunan məsələnin aktuallığı barədə
geniş müzakirələr aparılmış, bu cür vacib layihələrin icrasına
göstərdiyi dəstəyə görə QHT-ə Dövlət Dəstəyi Şurasına minnətdarlıq
bildirilmiş və gənclərin narkomaniya əleyhinə maariflənməsini
gücləndirəcək tədbirlərin bundan sonra da keçirilməsinin vacibliyi
diqqətə çatdırılmışdır. Sonda çoxsaylı suallar
cavablandırılmış və bu sahədə maarifləndirməni gücləndirəcək
metodoloji vəsaitlərin paylanması prosesi həyata
keçirilibdir.