Sankt-Peterburq görüşü Qarabağ münaqişəsinin həllində yeni irəliləyişə yol açır

22 İyun 2016 08:00 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyilə Azərbaycan və Ermənistan prezidentləri arasında nəhayət növbəti görüş də başa çatdı. Sankt-Peterburqda baş tutan bu görüş aprelin əvvəlində həyata keçirilən hərbi əməliyyatlardan sonra ikinci görüşdür. Birinci görüş mayın ortalarında Vyanada baş tutmuşdu. Nəticələrə gəldikdə, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov görüşünün nəticələrini müsbət qiymətləndirib. O bildirib ki, görüş konstruktiv şəkildə keçirilib: "İnanırıq ki, görüş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq imkanı yaradacaq". Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə deyib ki, İlham Əliyev, Serj Sarkisyan və Vladimir Putin danışıqların dinamik formada davam etdirilməsi barədə razılığa gəliblər.

Milli Məclisin Analitik-informasiya şöbəsinin rəhbəri Aydın Ağayev hələlik məsələ ətrafında konkret nəsə söyləməyin mümkün olmadığını bildirdi: "Görüşdə daha çox prinsipial məsələlər xatırlanıb. Söhbət nizamlanma prosesində mahiyyəti üzrə danışıqlardan gedir. Qəbul olunan ortaq bəyanatda göstərilir ki, tərəflər məsələlərin mahiyyəti üzrə müzakirəsi barədə fikir mübadiləsi aparıblar. Fikir mübadiləsinin nəticəsi nədir, bu əlbəttə ki, məlum deyil. Bəyanatdakı sözlər bundan artıq şərhə əsas vermir. Nizamlanma prosesində, ümumiyyətlə, konflikt bölgəsində vəziyyətə dair faktiki addımların atılması, hansısa konkret tədbirlərin görülməsinin ölkəmiz üçün o halda mənası olardı ki, həmin tədbirlər sonrakı proseslərdə fundamental əhəmiyyəti olan məsələlərin müzakirəsinə yol açardı. Bunu da bundan sonrakı proseslər göstərəcək. Hələlik bu haqda konkret nəsə söyləmək mümkün deyil.

Azərbaycan tərəfinin aparılan müzakirəyə münasibəti xarici işlər nazirinin məsələyə münasibətində öz əksini tapıb. ATƏT-in baş verən bu olaya münasibətinə gəldikdə, qurum bundan əvvəl də sanki müşahidəçi rolunda qalmışdı. Amerikalı həmsədr kənardan baxaraq görüşü müsbət qiymətləndirdi. Onun dediyi də ümumi sözlərdir. Hər bir halda görüşün yalnız iştirakçılara bəlli olan müəyyən məsələlərin sonrakı müzakirəsini ehtiva edə biləcək prosesləri gözləmək qalır".

Politoloq Elşən Manafovun fikrincə, Sankt-Peterburq görüşündən sonra münaqişə ətrafında danışıqlar intensiv davam etdiriləcək: "Sankt-Peterburq görüşünün sonunda bildiyiniz kimi bəyanat yayıldı. Hər tərəf bəyan etdi ki, problemin həlli yolu danışıqlar yoludur və münaqişə tərəfləri Rusiyanın təşəbbüsü ilə apreldə əldə olunan atəşkəs rejiminə dönmədən əməl edəcəklər. Bu, bir daha göstərdi ki, əslində, bir müddət əvvəl Almaniya kansleri Angela Merkelin Qarabağ probleminin çözülməsində həlledici imkanların Rusiyaya məxsus olması barədə səsləndirdiyi fikir vaxtında deyilmiş sözdür. Bu da bölgədə Rusiyanın hərbi-siyasi, geopolitik imkanlarının qabardılması baxımından yerinə düşmüş ifadə oldu.

. Üç prezidentin görüşündə Rusiya Minsk qrupunun digər həmsədrlərinə bir daha ismarıc göndərdi ki, Cənubi Qafqazda həlledici mövqeyə malik olan tərəf yenə də Rusiyadır. 2008-ci ilin məlum Rusiya-Gürcüstan qarşıdurmasından sonra da Qərbdə bunu dolayısı ilə etiraf etmişdi. Bu mənada Qarabağ ətrafında danışıqların davam etdiriləcəyi heç bir şübhə doğurmur. Azərbaycan tərəfi gözəl başa düşür ki, Ermənistan bütün hallarda Rusiyanın dəstəyinə arxalanır. Bu dəstək olmasa heç şübhəsiz Azərbaycan Ordusu qısa zamanda işğal altındakı ərazilərimizi azad etmək iqtidarındadır. Bununla belə, beynəlxalq vəziyyəti və Qafqazın real durumunu da nəzərə almaq məcburiyyətindəyik. Danışıqların davam etdirilməsinin əhəmiyyəti isə ondan ibarətdir ki, hər halda bölgədə irimiqyaslı hərbi əməliyyatlara ehtiyac qalmır".