Azərbaycandan Rusiyaya daha çox məhsul satacaq

22 İyun 2016 09:30 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda Azərbaycan dövlət başçısı İlham Əliyevlə görüşdə bildirib ki, Moskva Bakı ilə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır. Qeyd edək ki, iki ölkə arasında digər sahələrdə olduğu kimi iqtisadi əlaqələr də daim inkişaf edir. 2009-cu ildən indiyə kimi Rusiya ilə Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsinin həcmi iki dəfədən çox artıb. Bu iki ölkə arasında ticarətdə sənaye və kənd təsərrüfatı məhsulları əsas yeri tutur. Rusiyadan Azərbaycana daha çox sənaye və maşınqayırma məhsulları, Azərbaycandan Rusiyaya isə kənd təsərrüfatı məhsulları ixrac olunur.

İki ölkə arasında ticarətin həcminin daha da artması mümkün sayılır. İqtisadçı-ekspert Rəşad Həsənov bu istiqamətdə hər iki tərəfin geniş imkanlara malik olduğunu bildirdi: "Keçmiş sovet respublikaları kimi Azərbaycanla Rusiya həm iqtisadi struktur, həm də iki ölkə əhalisinin inteqrasiya və əlaqələri baxımından bir-birinə yaxın dövlətlər hesab olunurlar. Habelə keçmiş ənənəvi əlaqələrin istifadə olunması hər iki ölkə arasında son dövrlər ticarət əlaqələrinin müəyyən qədər genişlənməsinə gətirib çıxarıb. Bu prosesin sonrakı dövrlərdə də davam etdirilməsi mümkündür.

Hazırkı şəraitdə ticarət dövriyyəsinin, iqtisadi əlaqələrin genişləndirilməsi imkanları genişdir. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına çıxarılması imkanları kifayət qədər genişdir. Lakin bunun üçün ölkədə kənd təsərrüfatı məhsullarının həcmini artırmaq lazımdır. Rusiya isə Azərbaycan bazarında əsasən də hərbi sənaye məhsulları, eyni zamanda dərman, əczaçılıq, yüngül sənaye, texniki məhsullarla ilə təmsil oluna bilir. Məhz bu istiqamətlərdə müəyyən addımlar atmaqla ticarət dövriyyəsini genişləndirmək olar. Lakin hazırkı iqtisadi durğunluq müəyyən qədər də olsa bu prosesə mənfi təsir göstərməkdə davam edir".