Nazirlik 56 mindən çox gəncə peşə yönümlü məsləhətlər verib

22 İyun 2016 18:00 (UTC+04:00)

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən gənclərin peşə seçiminə hazırlanması, onların maraq və meyllərinə uyğun düzgün peşə seçiminə köməklik göstərilməsi üçün cari ilin 5 ayında 56 443 gəncə peşəyönümlü məsləhətlər verilib.


Nazirliyin İctimiyyətlə əlaqələr şöbəsindən Movqe.az-a verilən məlumata görə, peşə yönümlü məsləhətlərə ümumi orta məktəb məzunlarının daha çox ehtiyaclarının olması nəzərə alınaraq məşğulluq orqanlarının əməkdaşları tərəfindən əsasən orta ümumtəhsil məktəblərində bu işlər aparılır. Peşə yönümlü məsləhətlər verilənlərin də 80 faizi və ya 45 154 nəfəri yuxarı sinif şagirdləri olub və onlara peşə seçimi vərdişlərinin inkişaf etdirilməsi məqsədilə peşə seçimi yolları öyrədilib.


Bundan əlavə, nazirlik respublikanın bütün şəhər və rayonlarının məktəblərini peşə yönümlü məsləhətlərin həyata keçirilməsi üçün lazımi metodiki vasitələr, anket-sorğu materialları ilə təmin edib. Eyni zamanda, gənclərin düzgün ixtisas seçiminə istiqamətləndirilməsində valideynlərin rolunu nəzərə alaraq onlara övladlarının gələcək peşə seçimində məsləhətlərin verilməsi məqsədilə cari ildə Bakı və Sumqayıt şəhərlərində, eləcə də 32 rayonda orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri, onların valideynləri üçün peşə yönümü ilə bağlı treninqlər keçirilib.


Nazirliyin mütəxəssisləri tərəfindən gənclər peşələrin müasir növləri, əmək bazarının vəziyyəti və inkişaf perspektivləri, peşə seçimində şüurlu qəraq qəbul etmənin yolları, fəal yaradıcı əməyə və yüksək peşəkarlığa nail olmağın metodları haqqında məlumatlandırılıb. Peşə yönümü üzrə anket və testlərin, müxtəlif informativ-metodik materialların tətbiqi ilə əldə edilmiş diaqnostik informasiyalar təhlil edilərək gənclərin peşə seçiminə hazırlığının səviyyəsi öyrənilib.


Milli peşə seçimi metodikası olan Tusi Profi Ekspert Sistemi vasitəsilə hər bir fərdə uyğun müvafiq peşə seçimi üzrə qiymətləndirmələr aparılıb. Gənclərə öz meyil və maraqlarına uyğun peşələr haqqında müstəqil surətdə məlumat əldə etmə yolları da öyrədilib.