Qarabağ düyünü çözülməyə başlayır

23 İyun 2016 08:00 (UTC+04:00)

Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburq görüşünün ardınca Dağlıq Qarabağla bağlı digər görüşün də keçirilməsi gözlənilir. Belə bir açıqlama ilə Fransanın Ermənistandakı səfiri çıxış edib.

Bu arada Rusiya politoloqları Sankt-Peterburqda baş tutan görüşdə ciddi irəliləyişlərin əldə olunduğunu bildiriblər. Məsələn, rusiyalı ekspert Sergey Strokanın sözlərinə görə, iyunun 20-də olan görüşdə böyük sıçrayış olmasa da, bu görüşü mənasız da adlandırmaq doğru deyil. Onun fikrincə, bu görüşdən sonra yeni vəziyyət yaranacaq və nəticədə Moskva İrəvanı güzəştə məcbur edəcək. Rusiya Siyasi İnformasiya Mərkəzinin baş direktoru Aleksey Muxin də sözügedən görüşü şərh edərkən Sankt-Peterburq görüşündən sonra münaqişənin gərginləşməsi ehtimalının olmadığını söyləyib. Politoloq Sergey Markov isə qeyd edib ki, bu görüş sadəcə, görüş xətrinə keçirilən görüş deyildi. Hətta o bildirib ki, həmin görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cox ciddi irəliləyiş əldə olunub: "Bu, yaxın gələcəkdə qəbul olunacaq qərarın verilməsi üçün keçirilməsi vacib olan görüşlərdən biri idi. Aprelin əvvəlindəki "dörd günlük müharibə" göstərdi ki, münaqişə mütləq həll edilməlidir. Bu məsələdə Moskva Bakının mövqeyini birmənalı bölüşür. Rusiya da artıq münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı deyil. Ona görə də Moskvanın son vaxtlar bu məsələdə aktivliyi nəzərəçarpandır. Prezidentlərin köməkçilərsiz müzakirələr aparması danışıqların dərin məzmuna malik olduğunun və vacib qərarların qəbul olunduğunun göstəricisidir. Hesab edirəm ki, daha iki-üç belə görüş keçiriləcək və bundan sonra yekun müqavilə imzalanacaq".

Bu açıqlamalar münaqişənin həlli istiqamətində artıq ciddi addımların atıla biləcəyinə bir işarədir. Bu fonda artıq demək olarmı ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə start verilib?

Milli Məclisin deputatı, politoloq Elman Nəsirovun fikrincə, artıq Qarabağla bağlı sülh prosesi geridönməz mərhələyə gəlib və bu mərhələdə prosesin konkret nəticələrlə xarakterizə olunmaq ehtimalı artıb: "Sankt-Peterburq görüşünün nəticələrilə bağlı Azərbaycan tərəfinin mövqeyi müsbətdir. Bu görüş münaqişənin həllilə bağlı prosesə dinamika vermək üçün münbit şəraiti təmin edən görüş kimi yadda qalıb. Xüsusən də həmin görüşdən belə bir fikir hasil oldu ki, faktiki olaraq ATƏT-in Minsk qrupunun fəaliyyətinə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərindən ibarət olmaqla bir format çərçivəsində əlavə dəstək veriləcək. Mütəmadi olaraq Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin görüşü keçiriləcək.

Faktiki olaraq, həm həmsədrlərin iştirakı ilə, həm də ayrıcı bir həmsədrin Azərbaycan və Ermənistan prezidentlərilə görüşlərinin keçirilməsi haqqında razılığın əldə olunmasını təbii ki, tənzimləmə prosesinə dinamika verən hal kimi qiymətləndirə bilərik. Artıq növbəti görüşün keçirilməsi haqqında da razılaşma var. Onun zamanı və yeri məlum deyil. Sadəcə, hələlik görüşün olması barədə razılaşma əldə edilib. Bu da onu göstərir ki, görüşlər intensivləşir. Məsələn, keçən il yalnız ilin sonunda böyük çətinliklərdən sonra Ermənistan prezidenti bir görüş keçirməyə razılıq vermişdisə, aprel döyüşlərindən sonra isə Vyana və Sankt-Peterburqa qaça-qaça gəlməyə məcbur olub. Növbəti görüş haqqında razılaşmanın əldə edilməsi onu göstərir ki, artıq münaqişənin həlli prosesində keyfiyyətcə yeni bir mərhələnin əsası qoyulub. Danışıqların intensivliyi də bundan xəbər verir. Təbii ki, rus politoloqları da prosesi diqqətlə izləyir. Onların mövqeyi ondan ibarətdir ki, artıq sülh prosesi geri dönməz mərhələyə keçib və bu mərhələ də konkret nəticələrlə xarakterizə olunmağa iddialıdır. Yəni rus politoloqları arasında ən azından bu kimi yanaşmalar var. Hesab edirəm ki, həqiqətən də aprel döyüşlərindən sonra yaranan yeni reallıqda konfliktin həllilə bağlı səslənən fikirlər hər biri düşünülmüş fikirlərdir. Xüsusən də son görüşdə qəbul olunan bəyanatda belə bir fikir var ki, konfliktin həlli prosesində münbit şəraiti təmin etmək məqsədilə tərəflər bəzi məsələlərdə razılaşma əldə ediblər. Amma hansı məsələlər olduğu məlum deyil. Güman etmək olar ki, söhbət məhz yeniləşmiş Madrid prinsipləri çərçivəsində mərhələli həll prosesindən gedir. Bəzi məsələlər də deyiləndə yəqin ki, söhbət bir sıra işğal olunmuş rayonların azad olunmasından gedir".

Politoloq Mais Gülalıyev isə bu qənaətdədir ki, prosesin sülh yolu ilə həllinə start verilməsindən danışmaq hələ tezdir: "Sankt-Peterburq görüşündən sonra da münaqişənin sülh yolu ilə həllinə start verilməsi barədə düşünmək, belə bir qərara gəlmək hələlik kifayət qədər tez bir nəticədir. Demək olmaz ki, həmin görüşdən sonra problemin dinc yolla həlli prosesi sürətlənib.

Bunu demək hələlik tezdir. Ancaq görüşü nəticəsiz hesab etmək də düzgün deyil. Burada kifayət qədər ciddi nəticələr əldə olunub. Ən əsas nəticə də ondan ibarətdir ki, tərəflər atəşkəsin davam etdirilməsinə hazır olduqlarını bildiriblər. Çünki regionda qarşıdurmanın genişləndirilməsi bütün tərəflərə ziyandır, regionun təhlükəsizliyinə ciddi təhdid və problemin həllinə maneədir. Konflikt nə qədər dərinləşərsə, problemin həlli də bir o qədər dərinləşir. Bu səbəbdən tərəflərin atəşkəsin davam etdirilməsinə razılıq vermələri mühüm hadisədir. Digər tərəfdən, tərəflərin problemi həll etmək üçün hazır olmaları, mütəmadi görüşlər keçirməyə razılıq vermələrinin özü də mühüm məsələdir. Azərbaycan Prezidenti də dəfələrlə bəyan edib ki, Azərbaycan qətiyyən öz torpaqlarını güzəştə getməyəcək. Bu da çox mühümdür, çünki prinsip pozulmur, Azərbaycanın ərazi bütövlüyü məsələsi müzakirə predmeti deyil. Bu prinsipə əməl edilərək danışıqların davam etdirilməsi mühüm amildir və onu da görüşün əsas nəticəsi hesab edirəm.

Rus politoloqları da proseslə bağlı nikbin danışırlar. ATƏT-in missiyasının regionda aktivləşdirilməsi nəticəsinə gəlinməsi də olduqca mühüm məsələdir. Bilirsiniz, problemin həllinə nə qədər sivil formada yanaşılarsa, bu, ölkəmiz üçün bir o qədər faydalıdır. Çünki sivil dünya ərazi bütövlüyünün təmin olunmasını və problemin danışıqlar yolu ilə həllini istəyir. Regiona müharibənin gətirilməsi ərazini böyük dövlətlərin poliqonuna çevirə bilər. Ona görə də nə qədər mümkündürsə, problemi danışıqlar yolu ilə yavaş-yavaş, səbrlə həll etməyə çalışmaq gərəkdir".