Manatın mövqeyi möhkəmlənir

23 İyun 2016 09:30 (UTC+04:00)

"Azərbaycanda ABŞ dollarının məzənnəsi hələ real bazar dəyərini tapmayıb". Bunu Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov Azərbaycan Dövlət İqtisad Universitetində keçirilən "Sosial biznes-inkişafa gedən yol" adlı beynəlxalq konfransda bildirib. O, əlavə edib ki, aparılan məqsədyönlü tədbirlər nəticəsində hazırda valyuta bazarında sabitləşmə müşahidə olunur, manat öz fundamental qiymətini almaqdadır".

İqtisadçıların proqnozları da elə bu səpkidədir. Proqnozlara görə, manatın xarici valyutalar qarşısında ucuzlaşması real görünmür. İqtisadçı-ekspert Yusif Vəliyev bildirdi ki, son dövrlər neftin qiymətinin 45-50 dollar arasında stabilləşdiyini nəzərə almalıyıq: "Eyni zamanda insanlarda olan psixoloji basqı da müəyyən qədər zəifləyib. Çünki, devalvasiya prosesləri gedən dövlərdə insanlar hətta əmək haqlarını belə dollara çevirməyə çalışırdılar. Ancaq sonradan gündəlik xərclərlə əlaqədar proses zəiflədi. Artıq indi tam əksinədir. İnsanlar əllərində olan dolları manata çevirirlər. Eyni zamanda psixoloji təzyiqlər də azalıb. Yəni, həm bunu, həm də neftin qiymətindəki sabitliyi nəzərə alsaq, yaxın 2-3 ay ərzində manatı kəskin devalvasiya gözləmir. Ancaq bütün hallarda manatın məzənnəsi birbaşa neft amilinə bağlı olan məsələdir. Neftin qiyməti dəyişərsə, manatın məzənnəsinin dəyişməsi mümkündür".

İqtisadçı əlavə etdi ki, manatın məzənnəsinin artırılması üçün qısa müddət ərzində psixoloji tədbir həyata keçirmək mümkündür: "Lakin real iqtisadi tədbirlər uzun zamanı əhatə edəcək. Növbəti dövrlərdə devalvasiyanı yaşamamaq üçün istehsalatın neft amilindən asılılığı azaldılmalıdır. Bu da uzun müddət tələb edən prosesdir. Yəni, real iqtisadi tədbirləri qısa müddətə etmək imkansızdır. Qısa müddətə isə yalnız psixoloji tədbirlər görmək olar. Hansı ki, bu da müəyyən qədər həyata keçirilməkdədir. Rəsmilər tərəfindən dollarlaşma prosesinin zəiflədilməsinə hesablanmış açıqlamalar verilir. Müəyyən qədər də məqsədə nail olunub. Real iqtisadi tədbirlər isə uzun zaman tələb etsə də, bu istiqamətdə də işlər görülür".

Digər iqtisadçı-ekspert İldırım Qurbanov bildirdi ki, hazırda manatın 0.8 % ucuzlaşması müşahidə edilir: "Lakin bu ucuzlaşma müvəqqəti xarakter daşıyır. Manatın məzənnəsində müşahidə edilən hazırki ucuzlaşma ölkəyə gələn turist axını ilə əlaqəlidir. Çünki, ucuz manat ölkəmizi tursitlər üçün arzuolunan edir. Amma nəzərə alaq ki, manatın möhkəmlənməsi istiqamətində dövlət tərəfindən tədbirlər görülür".