Baş pediatr: “Üçəmlərdən sağ qalanı süni nəfəs aparatından ayrılıb”

23 İyun 2016 11:57 (UTC+04:00)

Salyan rayonunda doğulan üçəmlərdən sağ qalanın vəziyyəti əvvəlki günlərlə müqayisədə stabildir. Bunu Elmi-tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib: "Ümumi vəziyyət ağır olaraq qalsa da, irəliləyiş var. Belə ki, körpə artıq süni nəfər aparatından ayrılaraq özü nəfəs almağa başlayıb. Körpənin sipap rejimində müalicəsini davam etdirilir. Bu isə o deməkdir ki, körpə özü nəfəs alsa da, sipap rejimində ona yüksək təzyiq altında oksigen verilir".

Qeyd edək ki, Salyan şəhər sakini Abdullayeva Mirzapta İlham qızı iyunun 21-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində 3 oğlan uşağı dünyaya gətirib. Doğuşda sonra üçəmlərdən ikisi ölüb.

Sağ qalan körpə hazırda Bakıdakı Elmi Tədqiqat Pediatriya İnstitutuna yerləşdirilib.  Valideynləri doğuşdan sonra küvezə yerləşdirilən körpələrin ölümünü elektrik enerjisinin kəsilməsi, yaranan oksigen çatışmazlığı ilə əlaqələndiriblər. Salyan Mərkəzi Rayon Xəstəxanasından isə uşaqların ölümünün elektrik enerjisinin kəsilməsi ilə əlaqəsi olmadığı açıqlanıb. Səhiyyə Nazirliyi doğuşun hamiləliyin 31-ci həftəsində baş verdiyini, uşaqların çəkisinin çox az olduğunu açıqlayıb. Nazirlik küvezə yerləşdirilən uşaqların işıqların sönməsi nəticəsində yaranan oksigen çatışmazlığından ölməsi barədə yayılan məlumatları təkzib edib. Körpələrin ölümü faktı ilə bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyən edilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizaları təyin edilib. Dünən ölən körpələrin meyitlərinin ilkin müayinəsi başa çatıb. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən bildirilib ki, ümumilikdə ekspert müayinələri davam edəcək, bu proses üç həftə ərzində yekunlaşacaq. Ölümün dəqiq səbəbi proses yekunlaşandan sonra məlum olacaq. Yekun nəticələr üç həftəsən sonra Salyan rayon prokurorluğuna təqdim olunacaq. İlkin nəticələr barədə hər hansı məlumat açıqlanmayıb.

APA