Ətin qiyməti ucuzlaşacaq?

23 İyun 2016 15:55 (UTC+04:00)

Hər zaman olduğu kimi havaların isinməsi yay aylarında ətə olan tələbatı azaldır. Yay mövsümündə yetişən tərəvəzlərin vitaminindən bolluca yararlanmaq istəyənlər ət yeməklərini menyudan çıxardaraq mətbəxdə yeri əsasən tərəvəzlərə verirlər. Bu isə təbii olaraq ət istehlakının aşağı düşməsinə səbəb olur. Bəs görəsən ət istehlakının azalması qiymətin aşağı düşməsinə gətirib çıxarda bilərmi? 

Kənd təsərrüfatı üzrə ekspert Çingiz Fərəcov Movqe.az-a açıqlamasında yay aylarında ət istehlakının azalmasının qiymətə cüzi təsir edə biləcəyini söyləyir. Həmsöhbətimiz bildirir ki, yay aylarında ət istehlakının azalması ət istehsalının da aşağı düşməsinə gətirib çıxardır: "Yay aylarında havalar isti keçdiyindən, insanlar yüksək kalorili yeməkləri menyularından çıxardırlar. Ona görə də yayda ətə təlabat əhəmiyyətli dərəcədə aşağı düşür. Amma nəzərə almaq lazımdır ki, fermerlər, kəndlilər də yay aylarında ətə təlabatın azaldığı üçün ət kəsimini azaldırlar. Ümumiyyətlə heyvanların kökəldilməsi daha əsasən oktyabr-dekabr aylarında aparılır. Yay aylarında onsuz da heyvan kəsimi az olur. Ona görə də ətə təlabat yay aylarında azalsa belə bu, ətin satış qiymətinə ciddi təsir göstərmir. Amma yay aylarında ət az istifadə edildiyindən, yeməklər əsasə tərəvəzlərdən hazırlandığından ətin qiymətində cüzi enmə müşahidə oluna bilər. Amma ət istehlakının azalması ətin satış qiymətində ciddi azalmaya səbəb olmayacaq. Buna səbəb isə yuxarıda sadaladığım məqamlardır".